Azərbaycanda saxlanılan iranlı fəal ev dustaqlığına buraxıldı

Azərbaycanda saxlanılan iranlı fəal ev dustaqlığına buraxıldı

11-12-2023 13:08 / Bu xəbər 787 dəfə oxundu

Oktyabrın 12-də Azərbaycan sərhədini qanunsuz keçmək istəyən və Dövlət Sərhəd Xidməti (DSX)  tərəfindən saxlanılan İran vətəndaşı Puya Hüseyn oğlu Purhemməti dekabrın 11-də ev dustaqlığına buraxılıb. 

Bu barədə "Arqument.az”a onun vəkili Şəhla Hümbətova məlumat verib.

Oktyabrın 12-də Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədirliyi ilə keçirilən prosesdə DSX-nın qaldırdığı vəsatətə əsasən, Purhemməti barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi. 

Ona qarşı Azərbaycan CM-in 318.1-ci maddəsi ilə (dövlət sərhədini qanunsuz keçmə) ittiham irəli sürülüb və cinayət işi açılıb.

Purhemməti məhkəmədə siyasi təzyiqlərə görə İrandan qaçdığını, Azərbaycandan sığınacaq istədiyini demişdi. 

O, sərhədi keçərkən ağ bayraq qaldırdığını və rəsmi qurumlara təslim olduğunu bildirmişdi.

Puya Pirhemməti İrandakı siyasi fəallardan sayılır. 

O deyib ki, indiyə qədər İranda etirazlarda fəal iştirak edib. 

Ötən ilin payızında keçirilən etiraz aksiyalarında da fəal iştirak edən 18 sentyabr 1987-ci il doğumlu Puya Təbrizdəki aksiyaların əsas təşkilatçılarından biri kimi təqib olunub.