Azərbaycanda ötən ay pozulan insan hüquqlarının xronikası

Azərbaycanda ötən ay pozulan insan hüquqlarının xronikası

02-12-2022 22:11 / Bu xəbər 2039 dəfə oxundu

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” 2022-ci il noyabr ayında insan hüquqları ilə bağlı pozuntuların hesabat xarakterli xronikasını yayıb. 

Sənəddə bildirilir ki, "Xural" kanalının rəhbəri, müstəqil jurnalist Əvəz Zeynallı hələ də qanunsiz olaraq həbsdədir və insintaq idarəsi ona qarşı qurama şahidlər, şikayətçilər toplamaqda davam edir. 

Bildirilir ki, Əvəz Zeynallının qanunsuz həbsindən sonra jurnalistlər arasında özünə senzura tətbiqi açıq-aydın müşahidə edilməkdədir.

Sənəddə vurğulanır ki, ölkədə demokratik təsisatlar, vətəndaş cəmiyyəti getdikcə sıradan çıxarılır, hökumət özünə yaxın "gongo" qeyri-hökumət təşkilatlarına (QHT) qrant layihələri verir, hesabatlılıq, şəffaflıq və rəqabət mühiti yoxdur. 

Həmçinin sərbəst toplaşmaq, söz və ifadə azadlığı və o cümlədən digər fündamental hüquqlar təmin olunmur. 

Siyasi məhbusların sayı da getdikcə artmaqdadır. 

Müstəqil bloger, jurnalistlərə qarşı prokurorluq tərəfindən əsassız xəbərdarlıqlar edilir.

Almaniyadan Azərbaycana deportasiya edilmiş 6 nəfərdən 1-i Ziya İbrahimov azadlığa buraxılıb, qalanları keçən hesabatda olduğu kimidir:
 
"Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli və Samir Aşurovun hər birinə müxtəlif qurama cinayət işi açılıb və onların hamısı həbs ediliblər və hazırda məhkəmə prosesləri davam edir. 

Onlardan Pünhan Kərimli 5 il, Malik Rzayevlə Mütəllim Orucov hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Qalan 2 nəfərin-Samir Aşurovla Cəfər Mirzəyevin məhkəmə prosesləri davam edir. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik".

Təşkilat həmçinin insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair baş vermiş pozuntuların Mərkəz tərəfindən qeydə alınmış xronikasını da günlər üzrə təqdim edib: 

10.11.2022. D18 Hərəkatının üzvü Orxan Zeynallıya siyasi fəaliyyətinə görə məhkəmə tərəfindən 30 sutka inzibati qayda da həbs edilib.

11.11.2022. AXCP və bir qrup ictimai fəal tərəfindən saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında "Siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik mühit yaradılması, sərbəst toplaşmaq azadlığı" tələbi ilə təyin etdiyi piketin keçirilməsinə polis əməkdaşları tərəfindən imkan verilməyib.

Aksiya zamanı AXCP fəalı Rövşən Məmmədov saxlanılaraq Məhkəmə tərəfindən inzinati qaydada 30 sutka həbs edilib. Aksiyani işıqlandıran jurnalistlərin peşə fəaliyyətlərinin sərbəst şəkildə yerinə yetirilməsinə imkan verilməyib.

11.11.2022. D18 Hərəkatının idarə heyətinin üzvü Afiəddin Məmmədova siyasi fəaliyyətinə görə Məhkəmə tərəfindən 30 sutka inzibati qayda da həbs cəzası verilib. Məhkəmə qərarından verilmiş apelyasiya şikayəti zamanı Afiəddin Məmmədov bildirib ki, ona polis əməkdaşları tərəfindən ağır işgəncələr verilib və hazırda da bədənində xəsarətlər var.

15.11.2022. Müsavat Partiyası tərəfindən saat 15:00-da İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında təyin olunan piketin keçirilməsinə polis əməkdaşları tərəfindən imkan verilməyib. 

Aksiya keçirtməyə cəhd edən Müsavat Partiyasının başqanı Arif Hacılı və partiya fəalları saxlanılaraq Polis Bölmələrinə aparılıb, orada bir müddət saxlanıldıqdan sonra səbrəst buraxılıblar.

22.11.2022. Son 11 ay ərzində barəsində 4 qurama cinayət işi və 9 dəfə saxta, siyasi sifarişlə məhkəmə hökmü çıxarılmış Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbs tarixçəsi;

16 dekabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) 2 zabiti eyni məzmunlu, eyni hal üzrə, lakin ayrı-ayrılıqda Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək Əli Əliyevin həbs olunmasını tələb etmişdilər. 

1-ci şikayətə görə, 13 yanvar 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin (hakim- Hüseyn Səfərov) hökmü ilə Əli Əliyev guya şikayətçi - Dövlət Sərhəd Xidmətinin zabitinə böhtan (CM maddə 147.1) atmış və buna görə də 5 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ( hakim-Habil Məmmədov) və Ali Məhkəmə (hakim-Əziz Seyidov) qanunsuz hökmü qüvvədə saxlayıb.

2-ci şikayətə görə, 15 aprel 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinin (hakim-Rauf Daşdəmirov) hökmü ilə Əli Əliyev guya şikayətçi - Dövlət Sərhəd Xidmətinin zabitinə böhtan (CM maddə 147.1) atmış və buna görə də 1 ay müddətinə azadlqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ( hakim- Ziya Şirinov) və Ali Məhkəmə (hakim-Şahin Yusifov) qanunsuz hökmü qüvvədə saxlayıb.

3-cü şikayətə görə, 23 iyul 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinin (hakim-Rəşad Cavadzadə) hökmü ilə Əli Əliyev guya şikayətçi Ramiz Göyüşovu təhqir (CM maddə 148) etmiş və buna görə də 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi (hakim- Faiq Qasımov) qanunsuz hökmü qüvvədə saxlayıb.

4-cü şikayətə görə, 22 noyabr 2022-ci il tarixində Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) hökmü ilə Əli Əliyev cəza çəkdiyi Bakı İstintaq Təcridxanasında digər cəzaçəkən məhbusa guya xəsarət yetirmiş və buna görə də Cinayət Məcəlləsinin 127.2.3-cü naddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Mərkəz hesab edir ki, VİP sədri, siyasətçi Əli Əliyevə qarşı tətbiq edilən repressiya və onun barəsində çıxarılmış məhkəmə hökmləri siyasidir və o dərhal azad edilməlidir.

23.11.2022. Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirov ictimai-siyasi fəaliyyətinə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qurama cinayət işi açılaraq barəsində Nərimanov Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

26.11.2022. Müsəlman Birliyi Hərəkatının 20 il müddətinə azadlıqdan məhrum edilmiş sədri Taleh Bağırzadə 7 il qapalı həbsxanada cəza çəkəndən sonra 12 saylı Cəzaçəkmə Müəsissəsinə köçürülüb və orda ağır işgəncəyə, qeyri-insani rəftara məruz qalıb.

30.11.2022. Milli Şura Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında vətəndaş Leyla Arif tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə məhkəməyə verilib. 

Məhkəmə prosesi 8 dekabr 2022-ci il tarixində Nəsimi Rayon Məhkəməsində keçiriləcək. Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilməsini siyasi fəaliyyətilə bağlı olduğunu bildirir.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”  bildirib ki, mütəmadı olaraq hər ay ədliyyə və daxili işlər nazirliklərinə müraciət etməkdə davam edir, həmin nazirliklər idarə və müəssisələrində insan hüquqlarına, qeyri-insanı rəftara və işgəncə hallarına dair baş çəkmələrin həyata keçirilməsinə icazə vermir.