Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
15-07-2024 18:08 / Bu xəbər 657 dəfə oxundu
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi yeni ünvanda bərpa edilib.
İyulun 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi bu barədə məlumat yayıb.
Məlumatda deyilir ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb: "İran tərəfi akkreditasiya ölkəsi kimi, "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək”.
XİN qeyd edib ki, səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
"Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək”, - deyə nazirlik əlavə edib.
İranla Azərbaycan arasında nə baş vermişdi?
2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
"Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu "terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.