Azərbaycanlı jurnalist 780 min avroya restoran aldı - YENİLƏNİB+FOTO+VİDEO
24-01-2014 15:10 / Bu xəbər 3489 dəfə oxundu
ATV-nin keçmiş əməkdaşı, teleaparıcı Emin Musəvi Latviyada 780 min avroya (1 milyon dollar) restoran alıb.
Bu barədə Arqument.az-a daxil olan məlumatda bildirilir.
Məlumata görə, jurnalistə məxsus "Azərbaycan restoranı"nda işgüzar görüşlər, toylar, ad günü mərasimləri, bayramlar və digər banketləri həyata keçirəcək.
Restoran 2 banket zalı (biri 110 nəfərlik, digəri 40 nəfərlik), 2 VİP otaqdan ibarətdir. VİP otaqların eyvanı meşəyə və gözəl mənzərəli gölə açılır. Bundan başqa, yay mövsümündə restoranın həyəti də müştərilərin ixtiyarındadır.
Qeyd edək ki, bir neçə gün öncə Emin Musəvi Latviyada Azərbaycan mətbəxini təqdim edən restoranı barədə Show.az-a danışıb və restoran aldığını təsdiqləyib.
Onun sözlərinə görə, komandası ilə birgə, 5 aydır ki, Azərbaycan restoranı ilə məşğuldurlar və bir sıra yeniliklərə imza atıblar:
"Bu məkan artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Restoran Latviyada, gözəl bir gölün yanında, Riqadan 10 dəqiqəlik uzaqlıqda yerləşir. Bu məkanda müştərilərə sırf milli yeməklərimiz təklif olunur. Yeməklər həm azərbaycanlı, həm də latış aşbazlar tərəfindən hazırlanır. Restoran üçün bir neçə tanıtım çarxı çəkilib. Latış radiostansiyalarında, internet portallarında "Sarı gəlin" musiqisi üzərində qurulan audio və video çarxlar yayımlanır".
Teleaparıcının məhz Latviyada bizneslə məşğul olmasının səbəbləri çoxdur. Belə ki, Azərbaycanda fəaliyyət göstərən, 2009-ci ildən Latviya hökuməti ilə əməkdaşlıq edən "EMco" kompaniyası Azərbaycanda vaxtaşırı Latviya günləri keçirib. Hətta Azərbaycan Latviya istehsalı filmdə özünü prodüser kimi sınayan Emin Musəvi iki ölkə arasında olan isti münasibətlərdə ictimai səviyyədə rol oynayıb.
Bu film latışlarla ilk layihələrdən biri idi. Film "Şərq şəxsi məsələdir" ("Vostok delo liçnoe") adlanır. Latviyanın indiki prezidenti və keçmiş baş naziri Bakıya təşrif buyurarkən məhz "EMco" şirkəti xəbərləri işıqlandırmış, məlumat, foto, video materialları yerli və latış mediasında yaymışdı. Eyni zamanda "EMco" kompaniyasının təqdimatında Layma Vaykule, Raymond Pauls və digər tanınmış latviyalılarla eksklüziv video müsahibələr çəkilib, Azərbaycan teleməkanında təqdim edilmişdi.
Hazırda Latviyada həmyerlimiz Emin Musəvi "EMco Latvia" kompaniyasını təsis edib.
Onu da qeyd edək ki, teleaparıcı restoranın qiyməti ilə bağlı heç bir məlumat verməyib.
Arqument.Az olaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
***
ATV-nin keçmiş əməkdaşı Emin Musəvi Latviyada 1 milyon dollara restoran almasıyla bağlı xəbərə münasibət bildirib.
Teleaparıcı AzNews.az-a açıqlamasında Latviyada restoran aldığını təsdiq etsə də, onun qiymətilə bağlı deyilənləri gülüşlə qarşılayıb: “780 min avro qiymət düz söhbət deyil. Nə fərqi var ey, neçəyə almışam?”
E.Musəvi əlavə edib ki, onun uzun zamandır Latviya ilə əlaqələri var: “Mən Latviya ilə çoxdan işləyirəm. Biznesimdən biri də Azərbaycanın milli xörəklərini təbliğ etməkdir. Burda nə var axı? Orada Azərbaycanın milli xörəkləri təbliğ olunacaq”.
Aparıcı onu da qeyd edib ki, Latviyadakı restoranında azərbaycanlılar işləyəcək: “Yeməkləri hazırlayanlar yerli aşbazlar və başqa yerlərdən gələn azərbaycanlılar olacaq”.
Arqument.Az