Azərbaycanlı deputatdan Ukraynaya dəstək
27-02-2022 02:41 / Bu xəbər 1245 dəfə oxundu
Deputat ReAL Partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirli Rusiyanın Ukraynaya hərbi hücumu ilə bağlı Ukraynanın Azərbaycan Respublikasındakı səfirinə dəstək məktubu göndərib.
Məktubda deyilir: "Rusiyanın Ukraynaya təcavüzünü dərin narahatlıqla izləyirəm. Ukraynanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğu şübhə doğurmur. Uzun müddət təcavüzdən və işğaldan əziyyət çəkmiş Azərbaycanın Ukraynanı çox yaxşı anladığını və onu dəstəklədiyini bilməyinizi istəyirəm”.
Erkin Qədirli vurğulayıb ki, Avropa Şurası Parlamennt Assambleyasının bir üzvü kimi Ukraynanın haqlı mövqeyini müdafiə edir: "Azərbaycan hər zaman beynəlxalq hüquqa üstünlük verib, ərazi bötüvlüyü pozulmuş dövlətin yanında olub”.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə "xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk "respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
O bildirib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.












