Azərbaycanlı fəallar COP29-la bağlı təşəbbüs qrupu yaradıblar
21-02-2024 12:33 / Bu xəbər 560 dəfə oxundu
Təşəbbüs qrupu bəyanat yayıb, ədalətli mühitin yaradılmasını tələb edib
Azərbaycanın bir neçə qeyri-hökumət təşkilatı – Azad İqtisadiyyata Yardım İctimai Birliyi, "EcoFront” Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Vətəndaş Hüquqları İnstitutu birgə "COP29 – Ədalət Mühiti Təşəbbüsü” qrupunu yaradıblar.
Məqsəd 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçılarının diqqətini çəkməkdir.
Təşəbbüskarların fikrincə, birgə fəaliyyət sayəsində ölkədə vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühit sahəsində problemlərə diqqət çəkmək mümkündür.
"İki həftəlik konfransda on minlərlə xarici qonağın iştirakı gözlənilir. Qonaqlar arasında Qərb ölkələri də olmaqla onlarla dünya lideri, yüksək ranqlı siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, media və QHT təmsilçilərinin olması mümkündür”, – "COP29 – Ədalət Mühiti Təşəbbüsü”nün məlumatında deyilir.
Qeyd olunur ki, COP29-un Azərbaycanda keçirilməsi, ətraf mühit məsələləri ilə yanaşı, siyasi və iqtisadi baxımından da ölkə üçün əhəmiyyətlidir.
"COP29 kimi qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasında siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi kimi ciddi problemlər dayanır. Həmçinin su ehtiyatlarının azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və pandemiya bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını da bura aid etmək olar”.
COP29 – Ədalət Mühiti Təşəbbüsü” konfrans çərçivəsində aşağıdakı məsələlərə diqqət çəkmək niyyətindədir:
- Siyasi motivlərlə həbs edilmiş jurnalistlər, ictimai və siyasi fəalların azad edilməsi;
- Vətəndaş Cəmiyyətinin sərbəst fəaliyyətinin və ictimai iştirakçılığın təmin edilməsi üçün QHT-lər və Qrant haqqında qanunlarda dəyişikliklərin edilməsi;
- Korrupsiya ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, ölçülə bilən fəaliyyətləri, həyata keçirilmə müddəti və büdcəsini nəzərdə Korrupsiyaya qarşı Mübarizə Fəaliyyət Planının Milli Məclis səviyyəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə qəbul edilməsi. Fəaliyyətlərin həyata keçirilməsini qiymətləndirmək üçün hesabatlılıq sistemlərinin yaradılması;
- Qadınlara qarşı zorakılığı önləmək üçün İstanbul Konvensiyasını ratifikasiyası;
- Ölkənin quru sərhədlərindən vətəndaşların sərbəst gediş-gəlişinin təmin edilməsi;
- Paris İqlim Razılaşması üzrə 2030-cu il üçün daha ambisiyalı öhdəliklərin götürülməsi və yol xəritəsinin hazırlanması;
- 2030-cu ilə qədər neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində fəaliyyət planının hazırlanıb həyata keçirilməsi;
- 2030-cu ilə qədər su resurslarından ədalətli və səmərəli istifadə istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilməsini hədəfləyən strategiyanın və fəaliyyət planının açıqlanması.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
COP "Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.
Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil. 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcəyi güman edilir.