"Azəristiliktəchizat” sözçüsü: "İstiliklə bağlı heç bir problem yoxdur"

21-11-2016 19:07 / Bu xəbər 2629 dəfə oxundu

"Azəristiliktəchizat” ASC noyabrın 15-də qış rejiminə keçsə də, bir çox ərazilərdən istiliyin verilməməsi və ya gün ərzində fasilələrlə verilməsi ilə bağlı şikayətlər daxil olmaqdadır. 

Toplum.Tv olaraq, çoxsaylı şikayətləri nəzərə alıb ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev ilə əlaqə saxladıq və vətəndaşların problemləri ilə bağlı suallarımıza cavab axtardıq. 

ASC rəsmisi yaranmış problemlərlə bağlı bəzi suallara aydınlıq gətirdi:

- Rafiq müəllim, paytaxtın bəzi bölgələrində istiliyin verilməsi ilə bağlı şikayətlər daxil olur. "Azəristiliktəchizat” bu şikayətlərə baxırmı?

- Bütün qazanxana məntəqələri tam rejimdə işləyir. Konkret hansısa ünvanı deyirsinizsə, nümayəndə göndərək araşdırsınlar. Kütləvi şəkildə istiliyi olmayan heç bir bölgə yoxdur. Binanın hansısa mənzilində problem varsa, vətəndaşlar fərdi şəkildə müraciət edə bilərlər. 

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabahdan paytaxtın bəzi yerlərində sulu qar yağacağı gözlənilir. "Azəristiliktəchizat” soyuq hava şəraitinə hazırlıqlar görülübmü?

- Qazanxanalarımız tam rejimdə işləyir. Qar yağsa belə, bizim tərəfimizdən heç bir problem olmayacaq. İkinci bir məsələ var ki, qazanxanaların fəaliyyəti üçün elektrik enerjisi, qaz və su gərəklidir. Bu üç komponentin təminatında hər hansı bir problem olmasa, bizim qazanxanalarımız saat kimi işləyəcək. 

- Daha əvvəl " "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə 8 milyon 416 min manat debitor borcu yaranmışdı. Bu borc ödənilibmi?

- Borcla bağlı heç bir narahatçılığımız yoxdur. Borc məsələsi həll olunub. 

- Dövlət müəsisələrinə - xəstəxanalara və məktəblərə istiliyin verilməsində daha əvvəl yaşanan problem bu günlərdə yaşana bilərmi?

Dövlət müəssisələri də məhəlli qazanxanalardan istilik alır. Dövlət binalarından hələ ki, heç bir şikayət daxil olmayıb. Gün ərzində şəxsən iki dəfə Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamışam, heç bir məktəbdən şikayət daxil olmayıb. Xəstəxanalarda isə heç bir problem yaşanmayıb. 

Ofelya Ramilqızı