"Azerlotereya" ilə bağlı ciddi iddia: "“Kapital Bank”ın kartlarına hücum var"
09-02-2024 18:56 / Bu xəbər 863 dəfə oxundu
Jurnalist Samir Feyruzov "Azerlotereya" ASC ilə bağlı yeni məlumatlar yayıb.
O qeyd edib ki, "Kapital Bank”ın kartlarına olan kiberhücumların "Azerlotereya" ASC ilə ciddi əlaqəsi var: "Düşünürəm ki, bu məlumatı hər kəs, xüsusilə, virtual mərc oyunlarında iştirak edən şəxslər bilməlidir. Xeyli müddətdir ki, debet kartlara edilən kiber hücumlarla bağlı sosial şəbəkələrdə vətəndaşların etirazlarla müşayiət olunan paylaşımlarına rast gəlirik. Vətəndaşların kartlarından pullar çəkilir. Bu haqda maraqlı məlumat əldə etmişəm. Düşünürəm ki, aidiyyatı dövlət qurumlarının bu istiqamətdəki işinə yarıya bilər. Söhbət nədən gedir? Diqqət edirsinizsə, qumar oyunları təşkil edən "Azerlotereya" ASC-nin son iki ildəki aktiv fəaliyyəti kiber hücumların aktiv fazaya daxil olduğu bir dövrə təsadüf edir. İndi məlum olur ki, "Azərlotereya” təkcə vətəndaşlar üçün təhlükə yaratmır, həm də müxtəlif təşkilatların fəaliyyətinə ciddi zərbə vurur. Məsələn, "Kapital Bank”a məxsus olan "Birbank” kartları cəmiyyət arasında etimadını itirməkdədir, hər kəs narazılıq edir. Amma bu probemin kökü daha çox "Azərlotereya” ilə bağlıdır".
"Vətəndaşlar "Azərlotereya”nın virtual oyunlarında iştirak etmək üçün bank kartının nömrə və şifrəsini də qeydiyyat bölməsinə əlavə etməklə qeydiyyatdan keçir. Elə əsl problem məhz bundan sonra başlayır. Mütəxəssislər hesab edirlər ki, kiber hücumlara məruz qalan kartlar daha çox "Azərlotereya”nın virtual mərc oyunlarında qeydiyyata düşən kartlardır. "Azərlotereya” ASC "Demirören Holdinq”in törəmə müəssisəsi olan "YMT Sans B.V.” şirkətinin idarəçiliyinə verilib, bu şirkətin bütün bazası isə ABŞ-da yerləşir. Hesab olunur ki, Azərbaycan vətəndaşlarının kartlarından pulların çəkilməsi bu şirkətlə bağlıdır, kiber hücumlar ölkədaxilindən deyil, daha çox xaricdən həyata keçirilir. Günahkar da "Azərlotereya”dır. Vətəndaşların nömrə və şifrələrini istəyən "Azərlotereya” ASC vətəndaşlara heç bir təhlükəsizlik təminatı da vermir", - deyə Samir Feyruzov qeyd edib.
Onun sözlərinə görə, müşahidə olunan budur ki, "Birbank” müştəriyönümlü statusunu itirir, bir müddət sonra bu kartlar öz əhəmiyyətini tamamilə itirəcək, bunun da xeyli səbəbləri var: "Amma yaxşı olar ki, "Azərlotereya”nın bu istiqamətdəki fəaliyyəti araşdırılsın. Mərc oyunları şirkəti milyonlarla pul qazanır, amma vətəndaşların pulu oğurlanır, eyni zamanda, bankların debet kart sistemi cəmiyyətdə öz məmnunluğunu itirir. "Azərlotereya” ASC bu üsulla bank sisteminə də ciddi zərbə vurmuş olur. Vətəndaşlar üçün yeganə sığorta yolu "Azərlotereya” ASC-nin mərc oyunlarından imtina etməkdir".
"Arqument.az" jurnalistin səsləndirdiyi iddialarla bağlı "Azerlotereya" ASC-nin ictimai əlaqələr şöbəsi ilə əlaqə saxlamağa çalışsa da, edilən zənglərə cavab verilməyib.