“Azərpoçt” haqqında yayımlanan iddiaları təkzib edir

“Azərpoçt” haqqında yayımlanan iddiaları təkzib edir

19-02-2023 00:31 / Bu xəbər 1148 dəfə oxundu

""Azərpoçt” MMC-nin yeni istifadəyə verdiyi "PostCargo” xidməti vasitəsilə bazarda dempinq fəaliyyəti ilə məşğul olması barədə mediada səsləndirilən iddialar həqiqəti əks etdirmir".

Bunu ""Azərpoçt” MMC-nin mətbuat xidməti "Arqument.az"a göndərdiyi açıqlamada qeyd edib

"Əvvəlcə onu qeyd edək ki, qurum 2022-ci ildə dövlətdən universal poçt xidmətləri üçün kiçik bir məbləğ, təxminən yüz min manat subsidiya alıb. Bu isə onu deməyə əsas verir ki, "Azərpoçt” öz gəlirlilik siyasətini artıq uğurlu şəkildə qurub. Hətta son beş ildə ilk dəfə olaraq 2022-ci ili 4.2 milyon manat xalis mənfəətlə başa vurub", - açıqlamada bildirilir.

Bir neçə gün öncə "islahat.az" saytında "Fantastik daşıma qiymətləri: "Azərpoçt" biznesin inkişafına necə zərbə vurur?" başlıqlı yazı yayımlanıb. Həmin yazı "Arqument.az" saytında da istinadla dərc edilib

 "Azərpoçt” isə iddiaları qəbul etmir: "Karqo bazarında dempinq siyasəti iddiasına gəldikdə isə bildiririk ki, "Azərpoçt” a məxsus karqo xidmətinin tarifləri orta bazar qiymətinə uyğundur və tariflər aydın şəkildə www.postcargo.az saytında təqdim olunub. Materialda bəhs olunan konkret nümunə – yəni 1 kq ağırlığında yükün daşınma qiymətinin 2 ABŞ dolları olması haqqındakı məlumat endirim kampaniyasına aiddir. Endirim kampaniyası isə qanunazidd deyil və normal marketinq siyasətidir. Belə ki, istənilən məhsul və ya xidmət bazara yeni daxil olduqda müştəri bazasını formalaşdırmaq üçün müxtəlif endirim kampaniyaları təşkil edilir və bütün kommunikasiya vasitələrində bu barədə məlumatlar dərc olunur. Bu kampaniya haqqında da "PostCargo” xidmətinin veb-səhifəsində ətraflı və açıq şəkildə məlumat verilib, martın 1-dək davam edəcəyi qeyd olunub".