"Azərpoçt"dan bələdiyyələrin iddiasına reaksiya

24-08-2023 02:25 / Bu xəbər 558 dəfə oxundu

"Azərpoçt" MMC Astaranın Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyevin "Arqument.az"a verdiyi açıqlamaya münasibət bildirib

"Azərpoçt” bələdiyyə sədrinin dediklərini təkzib edib. 

 Astaranın Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev iddia edirdi ki, "Azərpoçt" regionallaşandan sonra "Azərpoçt"un Astara Filalı bağlanıb. Bundan sonra Lənkəran Regional Poçt Filialında bələdiyyələrin yeni hesabı açılmalı idi, amma bu, baş verməyib.

"Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara Filalında var idi, 21-ci əsrdə bu hesabları Lənkəran Filalına dövr etmək üçün bir neçə dəqiqə kifayətdir. Amma "Azərpoçt" bunu etmədi", - deyə o qeyd edib. 

"Azərpoçt” isə deyir ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb.

"Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Arqument.az"a bildiriblər ki, həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür: 

"Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da "Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür. Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub". 

"Bir daha xatırladırıq ki, "Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini "Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik", - deyə açıqlamada qeyd olunur.