“Azərsun”un duz zavodundan iflas anonsu
02-07-2015 01:57 / Bu xəbər 1388 dəfə oxundu
"Azərsun” Holdinqin Masazırda yerləşən duz zavodu iflas edir.
Arqument.Az xəbər verir ki, bu haqda tia.az-ın əldə etdiyi xəbərə görə, istehsal edilən malların tərkibi standartlara cavab vermədiyindən geri qaytarılıb. Zavodun aylardır ki, ziyanla işlədiyi iddia olunur. Ancaq şirkət rəhbəri Abdolbari Gözəl böhranla üzləşən zavodun fəaliyyətinə xitam verməyi planlaşdırmır. Məlumatda qeyd edilir ki, zavodun işçiləri də narazılıq edirlər.
Onların gördüyü ağır, zəhmətli işin qarşılığında aldığı məvacib qane etmir. Bu səbəblə son aylar xeyli sayda işçi zavodu tərk edib. Amma işsizlik probleminə görə əksəriyyəti bu şərtlərlə hesablaşıb çalışırlar. Zavodda narazılıq isə qüvvədə qalır.
Xəbərdə deyilir ki, duz zavodu "Azərsun”un Sumqayıtdakı yağ zavodunun aqibətini yaşaya bilər. Yağ zavodunda da ixtisarlar olmuşdu. Çünki istehsala müəssisəsi artıq tam gücü ilə işləyə bilmirdi. Gundeminfo.az bu mövzuda bir neçə gün əvvəl xəbər yayıb ki, Masazır kəndində yerləşən duz zavodu yarı gücü ilə belə işləmir. Zavodun istehsal etdiyi məhsulların Rusiyaya göndərilən sonuncu partiyası ekspertizadan mənfi rəy aldığına görə, geri qaytarılıb.
Artıq Masazırda ətrafı tikanlı məftillərlə hasarlanmış Duz Gölünə girişə icazə verilib. Yerli sakinlərin dediyinə görə, uzun illər bu göldən duz toplayaraq ailələrini saxlayan insanlara zavoddan deyiblər ki, artıq istədikləri qədər duz toplayıb sata bilərlər.
Onu da əlavə edək ki, Abşeron yarımadasında yerləşən Azərbaycan Duz İstehsalat Birliyi kimi fəaliyyət göstərən Masazır duz zavodu 2010 ildə istifadəyə verilib. Xammalı Masazır gölündən təmin olunan zavod ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 35 000 tondur. Həmçinin də məlumat üçün bildirək ki, adıçəkilən Birlik 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan 75 milyon manatlıq güzəştli kredit hesabına formalaşdırılıb.
Zavodun qurulması işində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi dövlət adına payçı kimi 25 faizlə tərəfdaş olub. Lakin Şahin Mustafayevin nazir olduğu dönəmdə bu gölün imkanları, orada tədarük edilərək emala göndərilən və Azərbaycan istehlakçısı üçün satılan süfrə duzlarının keyfiyyəti yoxlanılmayıb.
Zavodun işıqları da son günlər söndürülür. Manatın devalvasiyasından sonra "Azərsun” Holdinqin bu emal müəssisəsində böhran yaşanıb və elektrikə qənaət etməklə zavod rəhbərliyi məhz böhrandan az itki ilə çıxmaq istəyir.
Arqument.Az












