Azyaşlını döyməkdə təqsirli bilinən sabiq müavin namizədliyini geri götürüb

Azyaşlını döyməkdə təqsirli bilinən sabiq müavin namizədliyini geri götürüb

10-01-2025 19:10 / Bu xəbər 50 dəfə oxundu

Rasilə Arifqızının adı MSK-nın siyahısından da çıxarılıb

Lənkəran rayon icra hakimiyyəti başçısının 2022-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rasilə Əliyevanın (Arifqızı) bələdiyyə seçkilərindəki namizədliyini geri götürdüyü bildirilir.

Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatından onun bu qərarı səhhəti ilə bağlı verdiyi deyilib.

Lənkəran Rayon İcra Hakimiyyətindən də bu məlumatı Meydan TV-yə təsdiqləyiblər.

Rasilə Arifqızının adı Mərkəzi Seçki Komissiyasının saytında 77 saylı Lənkəran Şəhər Seçki Dairəsi üzrə qeydə alınan namizədlərin siyahısından da çıxarılıb.

Rasilə Arifqızının Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyi YAP-ın Lənkəran rayon təşkilatı tərəfindən irəli sürülmüşdü.

O, seçkilərə Rasilə Əliyeva deyil, Arifqızı soyadı ilə qatılmışdı.

Yanvarın 8-də Meydan TV-yə verilən məlumata görə, Rasilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə "Əliyeva” soyadından imtina edib, rəsmən Arifqızı soyadına keçib.

Onun Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlı olduğu bildirilir. Ona görə də soyadını dəyişmək məcburiyyətində qalıb.

Rasilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.

O, bir müddət Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

2022-ci ilin iyulunda Rasilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın adı 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi xəbəri ilə gündəmə gəlib. 

Hadisə araşdırıldıqdan sonra sonra Rasilə Əliyeva vəzifəsindən azad edilib və Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.

Meydan TV Rasilə Əliyevanın özündən namizədliyini geri götürməsinin səbəbləri ilə bağlı mövqe öyrənə bilməyib.