Bakıda hansı apteklərdə narkotik tərkibli dərmanlar satılır?
05-11-2015 17:03 / Bu xəbər 13800 dəfə oxundu
Bir müddət öncə qafqaznews.az saytında "Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır” başlıqlı məqalə dərc olunub.
Məqalədən bəlli olur ki, saytın əməkdaşları bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olunub.
Belə ki, Nərimanov rayonu ərazisində, Azadlıq prospekti 235 C ünvanında yerləşən "Elnur” aptekdə və qonşuluqda - Azadlıq 235 D ünvanında yerləşən "24 saat” aptekdə dövlət tərəfindən qadağan olunmuş Lyrica, Tramadol, Tropin, Contramal dərmanlarının satışı ilə məşğul olan əczaçıların çəkilişini aparıb.
Saytın əməkdaşları Nəsimi rayonu ərazisində Asif Məhərrəmov 54 ünvanında, "İmperial” şadlıq sarayının binasına bitişik "Ekonom” aptekdə də çəkiliş apararaq eyni mənzərəni lentə alıb. Həmin aptekin satıcısı da dövlət tərəfindən satışı qadağan olunan Lyrica psixotrop dərmanını satarkən lentə çəkilib.
6 fevral 2013-cü ildə Səhiyyə Nazirliyinin əczaçılıq üzrə Ekspert Komissiyasının qərarı ilə xəstələrə neqativ təsirinə görə "Lyrica”, " Koaksil” dərmanlarının Azərbaycana gətirilməsi dayandırılıb. Bu dərmanların reseptsiz satışı-2 (00-01-41) dövlət tərəfindən qeydiyyatından çıxarılıb. Həmin dərmanların apteklərdə satışı isə qadağan edilib.
Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənovun sözlərinə görə, son illər dərmanlardan sui-istifadə, onlardan təyinatı üzrə olmayan istifadə halları artıb: "Ötən il Mərkəzə müraciət edənlərin 45 faizi (alkoqolizm istisna olmaqla) narkotik preparatlardan istifadə edənlərdir. Onların daha çox istifadə etdikləri "Tropin”, "Midriasil”, "Koaksil” və " Lyrica ”dır”.
Telman Məmmədhəsənov onu da qeyd edib ki, bu dərmanlar təkcə istifadəçi üçün deyil, ailə üzvləri üçün də təhlükəlidir: "Qanunvericiliyə görə, narkotik tərkibli dərmanlar xüsusi reseptlər vasitəsilə satılmalıdır. Narkoloqlar təsdiq edir ki, son zamanlar narkomanlar arasında "Lirika”dan istifadə halları artıb.
Səhiyyə Nazirliyinin əczaçılıq üzrə Ekspert Komissiyasının 6 fevral 2013-cü il tarixli qərarına toxunan narkoloji mərkəzin direktoru bildirib ki, "Lyrica ”nın ölkəyə idxalı qadağan olunub. Saytın "bu dərmanlar açıq satışdadır” sorğusuna isə Məmmədhəsənovun cavabı belə olub: "Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edin. Qadağan olunmuş dərmanlarla bağlı Səhiyyə Nazirliyi onları məlumatlandırıb”.
DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsindən isə bildiriblər ki, "Lirika” ölkəyə gətirilə bilər, ancaq reseptlə satılmalıdır. "Axı Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənov bizə bildirdi ki, Səhiyyə Nazirliyi bu dərmanları qadağan edib və bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ancaq Bakıda bu dərmanlar açıq satılır. Niyə?” sualına Baş idarənin əməkdaşının cavabı belə olub: ”Bu barədə Səhiyyə Nazirliyinə müraciət edin, apteklərə lisenziyanı onlar verir və fəaliyyətlərinə nəzarət edirlər”.
Müxbirin "Respublika narkoloji mərkəzi Səhiyyə Nazirliyinin qurumudur. Nazirlik 2013-cü ildə "Lirika”nın ölkəyə gətirilməsini qadağan edib” xatırlatmasına DİN-dən belə cavab verilib: "Sizin informasiyanı mütləq yoxlayarıq”.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə "qafqaznews"-a bildirib ki, Azərbaycandakı apteklərdə heç vaxt resept tələb olunmur: "Xaricdə reseptsiz dərman almaq mümkün deyil. Məncə, Səhiyyə Nazirliyi DİN-lə birgə yoxlama keçirməli və psixotrop maddələrin satılmasını aşkar etməlidir. Əgər hansısa aptek "Lirika”nı satırsa və heç bir tədbir görülmürsə, deməli, ortada "krışa” söhbəti var”.
Arqument.Az































