Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər: “Yol pulumuz yoxdur” - FOTOLAR
28-07-2017 16:26 / Bu xəbər 3490 dəfə oxundu
Bu gün güləşçilər qarşılaşdıqları problemlər ilə bağlı açıq havada brifinq keçiriblər.
Musavat.com xəbər verir ki, jurnalistlərlə biraraya gələn idmançılar öz şikayətlərini dilə gətiriblər. Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev bildirib ki, 1 ildir təlim-məşq toplanışı keçmirlər:
"Dövlətimiz bizim üçün hər bir şəraiti yaradırdı, biz də yarışlarda qalib gəlirdik. Prezidentimiz daim dəstək olub. Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibəyə gedə bilmədiyi kimi, bizim də silahımız təlim-məşq toplantılarıdır. Bunlar olmadan yüksək nəticə əldə edə bilmirik. Biz uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir səsləndirir. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Indi isə şərait yoxdur. Hətta zallarda içməyə su belə yoxdur, krant suyu içirik. Məşqçilər, həkimlər hamısı çıxıb gedib. Onlar da maaşlarını ala bilmir. İdmançıların da maaşı verilmir. Bizim başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq. Ona görə də problemlərimizin həll olunmasını istəyirik ki, işimizi layiqincə görək.
Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaşanan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın 70 faizi zədəlidir. İdmançıların heç birinə müalicə olunmaq üçün pul verilmir. Mən də əməliyyata öz pulumla getmişəm. Olimpiadadan sonra 3 ay əməliyyat üçün gözlədim. Bizə qarşı diqqət yoxdur, ona görə də idmançıların həvəsi ölüb. Bəzilərinin məşqə gəlməyə pulu yoxdur. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdiyimiz təlim-məşq toplantısında yemək olmadığı üçün bizi oteldən çıxartdılar.
3 həftə sonra biz gedib dünya çempionatında uduzanda bizi qınayacaqlar. Biz heç bir təlim-məşq toplantısı keçmirik. İki ildir bizə forma da verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə bir nəfər də çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmır. O zaman işimizi bilərdik. Bizi gözlədirlər”.
Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də gənc idmançıların vəziyyətinin acınacaqlı olduğunu deyib:
"Bizim bura yığışmağımızın səbəbi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşir. Onların çoxu kasıbdır. Vətənin adını ucaltmaq üçün çalışan uşaqlar 15 aydır ki, maaş üzünə həsrətdir. Dünya çempionatına çox az vaxt qalıb. Hazırlıqsız getmək istəmirik. Bu problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var. Problemlərimiz həll olunmasa, yarışlara qatılmayacağıq. Onu da qeyd etmək istəyirəm ki, Firdovsi müəllim bizim üçün çox şey edib. Bu çətin günlərdə öz hesabına bizim üçün təlimlər hazırlayıb. Bəzi uşaqlara maddi kömək edir. Onun əməyini qiymətləndiririk. O da olmasaydı, güləşçilərimiz həvəsdən düşərdi. Onun zəhmətini xüsusi qeyd etmək istəyirik”.