Bakı İlahiyyat Kollecində qızlar və oğlanlar birlikdə təhsil alacaqlar

18-12-2023 16:03 / Bu xəbər 957 dəfə oxundu
"İlahiyyat İnstitutunda olduğu kimi Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin qızlar və oğlanlar birlikdə təhsil alacaqlar".
Bunu dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində mühüm qərardır, çünki ölkədə indiyədək dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi.
"Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək. Hazırda qarşımızda duran əsas məqsədlərdən biri odur ki, Bakı İlahiyyat Kollecinin gələn ilin sentyabr ayından fəaliyyətini təşkil edək və burada da dini kadrların hazırlanmasına başlayaq”, - deyə Mübariz Qurbanlı bildirib.
O həmçinin qeyd edib ki, Bakı İlahiyyat Kollecində həm dünyəvi, həm də dini fənlər tədris olunacaq.
Kollecə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Kollecdə qiyabi təhsil olmayacaq.
"Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək”, - deyə rəsmi açıqlamasında vurğulayıb.