Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır
02-04-2024 12:59 / Bu xəbər 654 dəfə oxundu
Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edir
Azərbaycan Müdafiə Nazirliyi aprelin 1-də Naxçıvan istiqamətində atəşkəsin pozulduğunu bildirir.
Nazirliyin aprelin 2-də yaydığı məlumatda qeyd olunur ki, ötən gün saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib.
Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə məlumat həqiqətəuyğun deyil.
"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 22:00-da Qut (Geqarkunik rayonu) yaxınlığında və aprelin 2-də saat 00:40-da isə erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar”.
Azərbaycanın Müdafiə Nazirliyi martın 31-də yaydığı məlumatda son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunduğunu bildirib.
Qeyd olunub ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
Ermənistan və Avropa İttifaqının müşahidəçiləri isə Yerevanın iki ölkə arasındakı sərhəd boyunca qoşun cəmləşdirdiyinə dair Bakının iddialarını rədd edib.