Bakıda 165 ailə etiraz edir: ""Azərsu" ASC I Vitse-Prezidentə və Baş Prokurorluğa qarşıdır"

Bakıda 165 ailə etiraz edir:

06-08-2024 12:18 / Bu xəbər 470 dəfə oxundu

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətindən mənzillər almış başıbəlalı 165 ailə bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də "Azərsu" ASC-nin əlində əsir-yesir qalıb. 

Sakinlərin öz gücünə və dövlət orqanlarının dəstəyi hesabına araya-ərsəyə gəlmiş həmin binanın işıq, qaz və digər infrastrukturu qurulmuş olsa da, su təminatında sözün əsl mənasında bir Yezid qədər qəddarlıqla üzləşməkdədirlər. 

Sakinlərin dəfələrlə etdiyi müraciətlərə, I Vitse-Prezidentin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olsalar da, bu qurumlardan "Azərsu" ASC-yə verilən tapşırıqlar icra olunmur. Ona görə də geridə qalan həftənin sonu "Sahil - S İnşaat" şirkətindən mənzil alanlar binanın önünə toplaşaraq öz şikayətlərini əraziyə gələn jurnalistlər vasitəsi ilə çatdırıblar. 

Sakinlər qeyd ediblər ki, dövlət və ordu 44 günə torpaqları azad etdi, amma "Azərsu" 1 ilə su problemini həll etməyib.

Onların sözlərinə görə, I Vitse-Prezidentliyin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olublar, dövlətin diqqəti və göstərişi əsasında "Azərişıq" ASC və "Azəriqaz" QSC mənzilləri qaz və işıq sayğacları ilə təmin edib, eləcə də ölkə rəhbərliyinin dəstəyi nəticəsində və sakinlərin öz maliyyə imkanları daxilində binanın yarımçıq qalan, işləri başa çatıb, amma "Azərsu" ASC əməlli-başlı dövlətin ali orqanlarına meydan oxumaqdadır: "Biz dəfələrlə müraciət etdik, adını qeyd etdiyimiz orqanlar  "Azərsu" qarşısında məsələ qaldırdılar, yazılı surətdə quruma tapşırıq verdilər ki, sakinlərin problemi həll olunsun. Sonra "Azərsu" bizdən həmin qurumların tapşırıqlarını təsdiqləyən məktubları istədi, onları da verdik. Sonra deyildi ki, binanın həyətində hovuz tikilməlidir, öz gücümə pul yığıb 100 min manata başa gələn bu işi də etdik ki, əlavə bəhanə qalmasın. Axırda heç bir bəhanə tapa bilmədilər və dedilər ki, indi də texniki şərtin müqavilə müddəti başa çatıb. Halbuki onların ucbatından, məsələni yubatmaqlarına görə texniki şərtin müqavilə müddəti bitib. İndi biz də deyirik ki, texniki şərt üçün yeni müqavilə bağlansın, sayğaclar qoyulsun, hovuz da, tikmişik, ölkə rəhbərliyinin də diqqətində olan bir binadır, bununla belə yenə də "Azərsu" heç bir tədbir görmür".

Sakinlərin dediyinə görə, "Azərsu" ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildikdən sonra sözügedən qurumun rəhbəri Zaur Mikayılova da müraciət edilib, ancaq 165 ailənin su probleminə laqeyd yanaşırlar: "Necə olur ki, işıq, qaz məsələləri dərhal həllini tapır, su kimi vacib bir tələbatın ödənilməsi üçün bu qurum tükünü tərpətmir? Bəs, biz dərdimizi kimə deyək? Su problemini" Azərsu" ASC həll etmirsə, hansı qurum bu işi görməlidir? "Azərsu" nə üçün fəaliyyət göstərir? Heç bir ciddi səbəb və əsas olmadan bir ildir ki, sakinlərə zülm olunur. Üstəlik, I Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqəti,  göstərişi var, "Azərsu" ona da saymazlıq edir. "Azərsu” hər gün milyonlarla fərdi evlərdən və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki, pul "Azərsu”nun gözünü necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər".

Sakinlər şikayətlərini çatdırmaqla yanaşı, ümid edirlər ki, ölkə rəhbərliyi onların davamlı olaraq ünvanlanan bu müraciətinə reaksiya verərək, "Azərsu" qarşısında konkret tələblər qoyacaq. 

Sakinlər bu dəfə bina önündə toplaşdıqlarını, əgər vəziyyət belə davam edərsə, növbəti dəfə PA qarşısına yığışacaqlarını bildiriblər.(anaxeber.info)