Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib
14-02-2024 15:23 / Bu xəbər 728 dəfə oxundu
Prokurorluq yayılan görüntülərlə bağlı mediaya xəbərdarlıq edib
Bakıda anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb.
25 yaşlı Əhməd Əhmədov haqqında istintaq Xətai Rayon Prokurorluğunda aparılır.
Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.
İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib.
O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib.
Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir.
Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.
Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı. Bu üzdən onun xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir.
Sosial şəbəkələrdə və bir sıra saytlarda 27 yaşlı Elmira Əhmədova və 5 yaşlı qızı öldürülərkən qapının gözlüyündən çəkilmiş videogörüntülər, həmçinin ölənlərin qohumları barədə məlumatlar yayılıb.
Baş Prokurorluq bununla əlaqədar mediaya müraciət edib.
Prokurorluğun məlumatında vurğulanıb ki, dəqiqləşdirmə aparılmadan məlumatlar yayılır, təqsirsizlik prezumpsiyası və istintaq sirri ilə bağlı qanunun tələblərinə əməl olunmur: "Media subyektləri və sosial şəbəkə istifadəçilərindən məsələyə həssas yanaşmağı, dəqiqləşdirilməmiş, təhrif olunmuş məlumatları yaymamağı xahiş edirik”.