Bakıda məktəb direktoru, əri, oğlu, qızı və 5 yaşlı nəvəsi qətlə yetirilib

Bakıda məktəb direktoru, əri, oğlu, qızı və 5 yaşlı nəvəsi qətlə yetirilib

14-02-2024 01:12 / Bu xəbər 940 dəfə oxundu

Hadisənin direktorun digər oğlunun törətdiyi bildirilir 

Bakıdakı 59 saylı məktəbin direktoru, 47 yaşlı Bikə Əhmədova həyat yoldaşı və oğlu ilə birlikdə qətlə yetirilib.

Hadisə fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonu ərazisində baş verib. Həm Bikə Əhmədova, həm də 1972-ci il təvəllüdlü həyat yoldaşı Mehman Əhmədov və 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Əhmədovun balta ilə öldürüldüyü bildirilir.

Onları qətlə yetirməkdə şübhəli bilinən şəxs isə məktəb direktorunun digər oğlu Əhməd Əhmədovdur.

Əhməd Əhmədov bacısını və onun 5 yaşlı qızını da öldürübmüş

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əhməd Əhmədov valideynlərini və qardaşını öldürməmişdən öncə başqa bir yerdə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova  və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetiribmiş.

Məlumata görə, qohumları bacısına valideynlərinin öldürülməsi ilə bağlı xəbər vermək üçün zəng ediblər. Bəlli olub ki, Əhməd Əhmədov öncə onları öldürüb.

Qonşuları bildiriblər ki, qətli törədən Əhməd Əhmədovun psixoloji problemləri varmış.

O, subay olub, ailəsindən ayrı yaşayırmış.

Onun bir müddət Rusiyada müalicə aldığı da qeyd edilib.

Qonşular ailədə əvvəllər problemlərin olduğunu eşitməyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov saxlanılıb.

Xətai Rayon Prokurorluğunun məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb.