Bakıda üç polis, bir mülki şəxs qətlə yetirilib
24-06-2024 12:45 / Bu xəbər 852 dəfə oxundu
DİN və Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb
İyunun 24-də Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində üç polis və bir mülki vətəndaşın qətlə yetirildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, hadisəni əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev törədib. Rəsmi məlumata görə, o, polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Məlumatda deyilir ki, Rövşən Allahverdiyev polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Bu zaman yaranmış vəziyyətdən istifadə edərək "Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki şəxsi vurub.
Məlumatda "davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib” deyə qeyd olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Hadisə ilə bağlı Rövşən Allahverdiyevin ailəsinin münasibəti bəlli deyil.