Bakıdan Rusiyaya uçan təyyarə geri qayıtdı, uçuşlar dayandırıldı

Bakıdan Rusiyaya uçan təyyarə geri qayıtdı, uçuşlar dayandırıldı

27-12-2024 14:37 / Bu xəbər 151 dəfə oxundu

AZAL Rusiyanın 5 şəhərinə – Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samaraya uçuşları dayandırıb

"Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə uçuş məlumatı bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Bu barədə AZAL-ın Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Həmçinin bildirilib ki, dekabrın 28-dən AZAL Rusiyanın 5 şəhərinə – Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samaraya uçuşları dayandırıb.

Lakin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşlar davam edəcək.

AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dekabrın 27-də "Euronews” Azərbaycanın hökumət mənbələrinə istinadən yazıb ki, Aktauda "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına Rusiyanın yer-hava raketi səbəb olub.