Bakını tərk edən konqresmen Azərbaycan hakimiyyətini “zalım rejim” adlandırıb

Bakını tərk edən konqresmen Azərbaycan hakimiyyətini “zalım rejim” adlandırıb

19-11-2024 17:25 / Bu xəbər 144 dəfə oxundu

Senator isə insan hüquqlarının vəziyyətini "dəhşətli” sayır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Bakıda keçirilən 29-cu konfransına (COP29) qatılan ABŞ konqresmeni Frenk Pellonini (Frenk Pallone) Azərbaycan Prezidenti İlham Əliyev qəbul etməyib.

Noyabrın 16-da Prezident İlham Əliyev bir qrup amerikalı konqresmeni qəbul etsə də, Pelloninin adı siyahıdan çıxarılıb.

Hökumət mediası bunu Pelloninin ermənipərəst mövqeyi ilə əlaqələndirib.

Bildirilib ki, Pelloni illər boyu anti-Azərbaycan təbliğatı aparıb, açıq şəkildə Ermənistanın maraqlarını təbliğ edib, qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və ABŞ hökumətini Bakıya qarşı sanksiyalara çağırıb.

Noyabrın 17-də bir qrup hökumətyönlü QHT nümayəndəsi isə konqresmenin qaldığı "Park Bulvar” otelinin qarşısında etiraz aksiyası keçirib, onu anti-Azərbaycan fəaliyyətinə görə tənqid ediblər.

Pelloni ilə yanaşı, senator Edvard Markey (Edward J. Markey) də Bakıda tənqidlə üzləşib.

Bundan sonra Pelloni və Markey Azərbaycan tərk edərək ABŞ-yə qayıdıblar.

ABŞ-yə qayıdan konqresmen və senator birgə mətbuat konfransı keçiriblər.

Pelloni açıqlamasında bildirib ki, Azərbaycan hökumətinin sponsorluğu ilə keçirilən etiraz aksiyalarına qatılanlar həm COP29 keçirilən məkanda, həm də qaldığı oteldə ona hücum ediblər.

O, Dövlət Departamentinin səyləri və mühafizəçilərin köməyi ilə fiziki xəsarətdən xilas olduğunu bildirib.

"Əliyev hətta bağlı qapılar arxasında erməni xalqının hüquqları ilə bağlı çağırışları eşitmək istəmir”

Konqresmen açıqlamasında qeyd edib ki, Azərbaycan hakimiyyətinin ona hücumu təsadüfi deyil, çünki o, daim bölgədə sülhə çağırış edib, Azərbaycanın hərbi təxribatlarını və Dağlıq Qarabağdakı etnik təmizləməni pisləyib.

O, Azərbaycan hakimiyyətini tənqid edərək bildirib ki, İlham Əliyev hətta bağlı qapılar arxasında erməni xalqının hüquqları ilə bağlı çağırışları eşitmək istəmir: "ABŞ Konqresinin üzvlərini qəzəblə susdurmağa çalışan Prezident Əliyev hətta bağlı qapılar arxasında belə, erməni xalqının haqları və ədalətlə bağlı çağırışları dinləməyə, müzakirələr aparmağa hazır deyil”.

Pelloni "X” hesabında yazıb ki, Əliyev Bakıda onun qarşısını almağa çalışsa da, mübarizəsindən çəkilməyəcək.

Konqresmen açıqlamasında Azərbaycan hakimiyyətini "zalım rejim” adlandırıb: "Məni boğmaq cəhdləri yalnız Azərbaycanın zalım rejimi altında əziyyət çəkənlərin məsuliyyət, islahat və ləyaqət uğrunda mübarizə əzmini möhkəmləndirir. Mən Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Ermənistanın suverenliyinin qorunması və Azərbaycan qoşunlarının erməni torpaqlarından çıxarılması, nəhayət, regiona sabitlik gətirən ədalətli və davamlı sülh sazişi uğrunda mübarizəmi davam etdirəcəyəm”.

Pelloni Əliyevlə görüşünə icazə verilən həmkarlarına da müraciət edib və Azərbaycanın Ermənistana qarşı davamlı təcavüzü ilə bağlı məsələləri qaldırmağı xahiş edib.

"Mən fəxr edirəm ki, ikitərəfli nümayəndə heyəti Prezident Əliyevə belə bir məqamı xatırlatdı: partiyasından asılı olmayaraq ABŞ hökuməti regionda daha heç bir münaqişə istəmir və Azərbaycanla Ermənistan arasındakı ziddiyyətlər yalnız sülh yolu ilə həll oluna bilər”, – Pelloni belə deyib.

"Mən bundan sonra da Azərbaycana çağırış edəcəyəm”

Azərbaycanı tərk edən senator Markey də Azərbaycanda insan hüquqlarının vəziyyətini "dəhşətli” adlandırıb.

Senator bildirib ki, o hələ ilin əvvəlində iqtisadiyyatı neft və qazdan asılı olan, bundan istifadə edərək insan hüquqlarını rekord həddə məhdudlaşdıran Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı narahatlığını ifadə edib.

Markey deyib ki, o, COP29-da iştirak etdikdən sonra Azərbaycan hökumətini insan hüquqlarının pozulmasına görə tənqid edib. Həmçinin Qarabağda mülki əhaliyə hücumları, qanunsuz həbs, qətl və işgəncələri pisləyib, ifadə, toplaşmaq azadlıqlarına qoyulan məhdudiyyətləri qaldırmağa çağırıb.

"Mən bundan sonra da Azərbaycana çağırış edəcəyəm ki, bütün erməni və azərbaycanlı siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etsin, etnik erməni dinc əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət versin. Eyni zamanda, regional sabitliyi qorumaq üçün dialoqu davam etdirsin və Ermənistanla sülh sazişini imzalasın”, – deyə senator qeyd edib.

2024-cü il oktyabrın 3-də Pelloni və Markey ABŞ Dövlət katibi Entoni Blinkenə məktub ünvanlayıblar.

Onlar Blinkendən xahiş ediblər ki, Azərbaycanı insan hüquqları ilə bağlı pozuntuları dayandırmağa və COP29 sammitindən öncə islahatlara təkan verməyə çağırsın.

"Pelloni və Markey ümid edirdilər ki, COP29 Azərbaycan rəsmiləri ilə konstruktiv dialoq üçün bir fürsət olacaq. Bu da Ermənistanla sülh danışıqlarına gətirib çıxaracaq. Lakin Prezident Əliyev onların ümidlərini puça çıxartdı”, – deyə açıqlamada deyilir.

"Fərqli düşünən konqresmenləri qovurlar, amma azərbaycanlılara "qoyun” deyən Jirinovskini yüksək səviyyədə qəbul etmişdilər”

Siyasi şərhçi Rauf Mirqədirov Azərbaycan hakimiyyətinin konqresmenlərə qarşı davranışını düzgün saymır.

O, Meydan TV-yə açıqlamasında deyir ki, rəsmi Bakı da müxtəlif məsələlərə ikili standartlarla yanaşır: "Mən düşünürəm ki, Azərbaycanın bu addımları düzgün deyil. Bu, Azərbaycan tərəfinin müxtəlif sahələrdə ikili standartlarla hərəkət etməsindən xəbər verir. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir tərəfdən çıxış edib deyir ki, Fransa nümayəndə heyətinin COP29-a gəlməməsini başa düşmürük. Biz COP29-da iştirak edən bütün tərəflərə bərabər yanaşırıq. Qarabağ və COP29 fərqli mövzulardır, heç kəsə qarşı diskriminasiya olmayacaq və s. Digər tərəfdən isə ABŞ senatorları və konqresmenləri fərqli mövqeyinə görə ölkədə təhqir olunur, qəbul edilmir, uzaqlaşdırılır. Halbuki onları dinləmək və konstruktiv müzakirələr aparmaq lazım idi”.

"İkinci tərəfdən Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb, insanlar aksiya edəndə  zorakılıqla üzləşirlər. Amma hökumətə lazım olanda bu hüquqdan istifadə olunur, kimlərinsə əleyhinə kütləvi aksiyalar təşkil olunur və ya buna imkan verilir. Fərqli mövqedə olan konqresmenləri ölkədən uzaqlaşdıran hakimiyyət, yadınızdadırsa, bir vaxtlar Azərbaycan xalqını "qoyun” adlandıran Jirinovskini yüksək səviyyədə Bakıda qəbul etmişdi. Demək, özlərinə nə sərf edirsə, onu da edir. İkili standart deyəndə bunu nəzərdə tuturam”, – siyasi şərhçi qeyd edib.

"Hər iki tərəfdən etnik təmizlənmə kimi qiymətləndirilə biləcək hadisələr olub”

Konqresmenlərin bundan sonrakı addımlarına gəlincə, Mirqədirov bunun ciddi nəticələrinin olacağını düşünmür: "Ən yaxşı halda, konqresmenlər Bakıya hansısa sanksiyaların tətbiqi ilə bağlı təşəbbüslə çıxış edə bilərlər, amma bunların hansısa nəticələr verəcəyinə də inanmıram. Çünki regionda maraqlı proseslər gedir, Qərb də bu proseslərdə yer almaq istəyir. Əgər ABŞ istəsəydi, indiyə qədər Azərbaycana müəyyən sanksiyalar qoyardı. Demək, hələ ki istəmir”.

"Onu da qeyd edim ki, ABŞ konqresmenləri də malı-mala qatırlar. Əvvəla, Azərbaycanda insan haqlarını erməni məsələsi ilə eyni dərəcədə qiymətləndirmək doğru deyil. Bunlar fərqli məsələlərdir. Etnik təmizlənməyə gəlincə, burada etnik təmizlənmə kimi dəyərləndirilə bilən hadisələr olub, yəni həm Azərbaycan, həm də Ermənistan tərəfdən belə aktlara yol verilib. ABŞ konqresmenləri isə ancaq ermənilərə qarşı etnik təmizlənmə məsələsini qaldırırlar. Bu da Azərbaycan hakimiyyətinə əsas verir ki, daxildə onlara qarşı kontur-arqumentlər qoysun, onların ölkədəki insan haqları ilə bağlı çağırışlarının təsirini azaltsın. Halbuki Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət olduqca pisdir”, – deyə Mirqədirov vurğulayıb.