Bakının mərkəzində binalar tikən şirkətin rəhbəri həbs olunub
04-09-2023 15:37 / Bu xəbər 681 dəfə oxundu
Əli Məmmədova açılan cinayət işinə görə onu 10 ilədək həbs cəzası gözləyir
"EAST Residence” Mənzil Tikinti Kooperativinin rəhbəri Əli Məmmədov həbs olunub.
O, rəhbərlik etdiyi şirkət vasitəsilə paytaxtın Nərimanov rayonu ərazisində köhnə tikililərin sökülüb, yerində yeni binaların tikintisi zamanı vətəndaşların hüquqlarını pozmaqda ittiham olunur.
Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, söhbət "EAST Residence” şirkətilə Qarabağ küçəsindəki sakinlər arasındakı qalmaqal nəticəsində başlanmış cinayət işindən gedir.
"Şərq bazarı”nın yaxınlığında yerləşən əmlakların sahibləri iddia edirlər ki, onların narazılığına məhəl qoymayan şirkət rəhbərliyi gizli şəkildə əmlaklarını söküb-dağıdıb, mülkiyyət hüquqlarını pozub.
"EAST Residence” rəhbərliyi isə iddia edirdi ki, mülkiyyətçilər kiçik sahəli əmlaklarının, zirzəminin əvəzinə qat-qat böyük ölçüdə mülk tələb edirlər.
Sakinlərin şikayəti əsasında Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.
"İstintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mülkiyyətçilərin razılığı, məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında belə deyilir.
Əli Məmmədova qarşı Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.