“Balasanyan Natiq Qasımova ağır işgəncə verərək öldürüb”

“Balasanyan Natiq Qasımova ağır işgəncə verərək öldürüb”

08-10-2023 01:08 / Bu xəbər 1395 dəfə oxundu

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovla bağlı məlumat yayıb.

Bildirilir ki, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Natiq Qasımov səhra komandiri Vitali Balasanyan tərəfindən işgəncə verilərək öldürülüb.

"Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib”, – qurumun məlumatında deyilir.

Daha sonra qeyd olunur ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib.

Ehtimal olunur ki, Natiq Qasımovun nəşi Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib.

Dövlət Komissiyası yenidən Azərbaycanın nəzarətinə keçən bütün ərazilərdə, həmçinin Xocalı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparacaq.

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qaramurad kəndində doğulub.

Birinci Qarabağ müharibəsi zamanı Ağdamda təşkil olunmuş "Qaradağ şahinləri” taboruna yazılaraq döyüşlərdə iştirak edib.

1992-ci il martın 12-də Xocalının Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərin sayının 4354 nəfər olduğunu deyir.

Bildirilir ki, onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir. 9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi.

Bu səbəbdən bu il sentyabrın 19-20-də bölgədə növbəti lokal hərbi əməliyyat keçirdi.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilirdi ki, əməliyyatın məqsədi təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatdan sonra, sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

Sentyabrın 27-də separatçı "Dağlıq Qarabağ”ın keçmiş "dövlət naziri” Ruben Vardanyan həbs olunub.

Sentyabrın 30-da isə Azərbaycan Baş Prokurorluğu saxlanılmış separatçı qurumun "prezident aparatı rəhbərinin müavini” Davit Klimoviç Babayana və rejimin sabiq "müdafiə naziri” Lyova Mnatsakanyana ittihamları elan edib.

Oktyabrın 3-də separatçı "Dağlıq Qarabağ Respublikası”nın keçmiş "prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023) və "Daşnakasutyun” Partiyasının təmsilçisi, həmçinin separatçı rejimin keçmiş "parlament sədri” David İşxanyan saxlanılıb.

Onlar Bakıya gətirilib və açılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib.