Bankların tez-tələsik bağlanmasının pərdəarxası - Ekspert şərh edir

Bankların tez-tələsik bağlanmasının pərdəarxası - Ekspert şərh edir

03-02-2016 14:05 / Bu xəbər 1472 dəfə oxundu

"O banklardakı əmanətlər sığortalanmayıb və qanun təsdiq olunana qədər onları bağlamağa tələsirlər"

"Birləşən bankların tam sağlam fəaliyyət göstərməsinə ümid etmirəm".

Bu sözləri Qaynar.info-ya bank üzrə ekspert Əkrəm Həsənov bankların bağlanması və birləşməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, əmanətlərin tam sığortalanması haqda qanun layihəsi qəbul olunana kimi bu prosses davam edəcək: "Həmin qanun hələlik qəbul olunmayıb. Qanun qəbul edildikdən sonra, əmanətçilərin əmanəti tam sığortalanmış olacaq. Buna görə də, Mərkəzi Bank bağlamaq istədiyi bankları bağlayır. Çünki əmanətlərin sığortalanması fondu, həmin banklardakı əmanətləri də sığortalarsa, əmanətlər qaytarılmalıdı. Ancaq həmin banklar buna qadir deyil. Buna görə də, həmin qanun təsdiqlənənə qədər bankların bağlanması davam edəcək. 

Qanunun fevralın 1-də təsdiqlənməyi gözlənilirdi, ancaq təsdiqlənmədi. Qanun qəbul olunduqdan sonra ləğvetmələr dayanacaq və yalnız birləşmələr olacaq. Bu o demək deyil ki, birləşən banklar sağlam banklardı və ləğv edilməli deyillər.  Bunun səbəbi həmin banklarda sığortalanmış əmanətlərin olmasıdır ki, Mərkəzi Bank da onların ləğv edilməsindən qorxur". 

Əkrəm Həsənov bildirir ki, birləşən bankların da tam sağlam fəaliyyət göstərməsinə ümid etmir: "Ümumən Azərbaycan bank sistemi əhalinin və sahibkarların tələblərinə tam cavab verməyib. Normal bank sistemi olmayıb. Bundan sonra, sağlamlaşdırma olarsa bəlkə banklar normal fəaliyyət göstərər.

Hesab edirəm ki, normal bank sisteminin göstəricisi bankların sayında deyil. Bəzən deyirlər ki, bizdə banklar çoxdur. Düzdür, Avropa miqyasına nisbətən, bizdə bankların sayı çoxdur. Ancaq Amerkaya nisbətdə azdır. Bu baxımdan, bank sayı keyfiyyət üçün meyar deyil. Meyar bank sisteminin sağlam olmasıdır, bankların qanuna uyğun fəaliyyət göstərməsidir. Bu da bizdə tam formalaşmayıb. Qeyri-sağlam bankların bağlanması bank sisteminə mənfi təsir etmir".