BAXCP adını dəyişir
29-01-2024 14:48 / Bu xəbər 893 dəfə oxundu
Sədr partiyanın adının ƏHDP olacağını deyir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adı dəyişə bilər.
Bu barədə APA-ya müsahibəsində partiyanın sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev danışıb.
Qüdrət Həsənquliyev partiyanın adının dəyişilməsini müxtəlif səbəblərlə izah edib.
Onun sözlərinə görə, Xalq Cəbhəsi yarananda əsas məqsəd Qarabağın azad edilməsi idi: "Sonradan Moskvanın ədalətsiz mövqeyini görəndə Qarabağ hərəkatı Milli Azadlıq Hərəkatına çevrildi. İndi biz həm müstəqil dövlətimizi qurmuşuq, həm də Qarabağı azad etmişik. Faktiki olaraq Xalq Cəbhəsinin əsas missiyası yerinə yetirilib. Bundan sonra Xalq Cəbhəsinin Proqramında ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq məqsədləri vardı. Bu da bizim partiyanın yeni adıdır. Partiyanın adı Ədalət, Hüquq və Demokratiya (ƏHD) olacaq. Bu, əsas səbəbdir”.
Digər amillərə gəldikdə, Həsənquliyev hesab edir ki, hazırda ölkənin siyasi sistemində Cəbhə adı daşıyan 4 partiya var: "Buna da son qoymağın zamanı çatıb. Xalq Cəbhəsi adı zamanında ona görə seçilmişdi ki, xalqı düşmənə qarşı bir cəbhədə birləşdirək. Cəbhə daha çox qarşıdurma, səngər mənasını özündə ifadə edir. İndi isə hesab edirik ki, biz təkamül yolu ilə irəli getməliyik. Artıq Cəbhə sözünün özünün də ağırlığı çox böyükdür, daha kəskin ifadədir. Qarşımızda duran siyasi mübarizədə elə bir siyasi qüvvə, imperiya yoxdur ki, ona qarşı cəbhə açaq. Sadəcə, təkamül yolu ilə cəmiyyətimizi, xalqımızı inkişaf etdirərək irəli getməliyik”.
Bütöv Azərbaycan ideyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının ilk sədri Əbülfəz Elçibəyə məxsusdur.
Yeri gəlmişkən, Qüdrət Həsənquliyevin seçki platformasında ölkənin adının da Şimali Azərbaycan adlandırılması nəzərdə tutulur.
Belə bir məqamda partiyanın adının dəyişdirilməsi, yəni Ədalət, Hüquq və Demokratiya (ƏHD) adlandırılması da müəyyən suallar yaradıb.
Düzdür, partiya sədri buna müsahibəsində bəzi məqamlara toxunub, partiyanın proqramında heç bir dəyişikliyin olmadığını, Bütöv Azərbaycan ideyasının yenə də qaldığını deyib.
Amma Meydan TV bu mövzudan irəli gələn digər suallara Qüdrət Həsənquliyevdən münasibət öyrənə bilməyib.
2002-ci ilin avqustunda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurultayı keçirilib.
Partiya sənədlərini Ədliyyə Nazirliyinə AXCP adı ilə təqdim edib və nazirlik təşkilatı AXCP kimi tanıyıb.
Ancaq ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunub.
Ardınca partiya BAXCP adı ilə siyasi fəaliyyətini davam etdirib.