BBC-nin Bakı ofisini bağlanmaq təhlükəsi gözləyir
04-09-2023 15:58 / Bu xəbər 994 dəfə oxundu
Britaniyanın BBC radio yayım korporasiyasının Qarabağda vəziyyəti qərəzli işıqlandırması Azərbaycanda ciddi narazılığa səbəb olub.
Əsasən, "Adamlar çörək növbəsində huşunu itirir" məqaləsi, eləcə də ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı ittihamlar səsləndirdikləri veriliş tənqidlərə səbəb olub.
"BBC öz nizamnaməsində elan edib ki, "bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa çalışır". Lakin bunun əksinə, BBC "Kontekst" proqramında birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalanın təbliği ilə məşğul olur”.
Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev öz "Tvitter" hesabında yazıb.
Azərbaycan Mətbuat Şurası da bəyanatla çıxış edərək qeyd edib: "BBC, o cümlədən bu mediastrukturun Azərbaycan xidməti "qeyri-obyektiv materiallar yayır, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağdakı vəziyyət haqda qərəzli bəyanatlar verir".
"Bu cür üslub jurnalistika prinsiplərinə açıq-aşkar etinasızlıq və sivil media dəyərlərinə təhqirdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyasiya missiyası daşımamalı və söz azadlığından sui-istifadə etməməlidir. BBC və onun Azərbaycan xidməti bu tələbə məhəl qoymur, Qarabağ separatçılarına tribuna təqdim edir, onların fikirlərini yayımlayır, real vəziyyəti təhrif edir”, - bəyanatda deyilir.
Bu qurum hesab edir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması qəbuledilməzdir.
"Ya bu media qurumu üzr istəməlidir, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir, ya da Azərbaycanda fəaliyyəti dayandırılmalı, akkreditasiyası ləğv edilməlidir", - Mətbuat Şurasının bəyanatında deyilir.