Büdcə də bizimdir, park da, dövlət də - Feysbuk statusu

Büdcə də bizimdir, park da, dövlət də - Feysbuk statusu

08-07-2020 19:00 / Bu xəbər 1972 dəfə oxundu

Zaur Qurbanlı

Bayaq Dədə Qorqud parkına piknikə getmişik. Maksimum 1 saat vaxtımız var. Elə vaxt da getmişik ki, adam, demək olar, yoxdur.

Nə isə gedib, otun üstünə ayaq basmışdıq ki, yaxınlıqda oturan bir Çevik Polis Alayı nəfəri dedi:
- Qazona çıxmayın.

Təəccübləndik, soruşduq:
- Niyə?
- Necə yəni niyə? Qazon bəzək üçündür. Korlamayın.
- Qazon piknik üçündür. Üstündə oturub, dincəlmək üçündür.
- Skameyka (oturacaq. red) var, orda oturmaq olar. Qazona əziyyət çəkiblər, sizin korlamağınız üçün çəkməyiblər o əziyyəti.
- O əziyyətin pulunu mən vermişəm. Büdcə də bizimdir, park da, dövlət də. Həm sənin, həm mənim - bütün vətəndaşların.
- Nə? Büdcə sənindir?
- Aha, həm də mənimdir. Mən də qazonda oturmaqla yaxşı eləyirəm, çünki bu, elə vətəndaşlar, insanlar üçün nəzərdə tutulub.
- İndi patrul çağıraram, görüm, ona da bunları deyə biləcəyəksənmi?
- Nəyi deyə biləcəm?
- Büdcə sənindir, nə bilim qazonda oturmaqla yaxşı eləyirsən, vergi-zad verirsən.
- Hə, deyərəm. Niyə deməyim ki?
- Sən polisə hörmətsizlik edirsən. Büdcəni guya sənin vergin formalaşdırıb deməklə hörmətsizlik edirsən.
- Gəlin, belə eləyək. Siz mənim hansı qanunu pozduğumu deyin, İXM-nin hansı maddəsini pozduğumu deyin, protokol tərtib edin, mən də imzamı atım.
- Nə maddə? Burda oturmaq olmaz. Mənim rəisim deyirsə, deməli, sən oturmaqla qanunu pozursan.
- Sənin rəisinin bu barədə imzaladığı bir sənəd varmı?
- Nə sənəd? Deyirəm, oturmaq olmaz, deməli, qanundur.
- Yox, qanun olması üçün başqa prosedurlar lazımdır. Siz mənə pozduğum maddəni deyin, qalxım (artıq yerə parça sərib, oturmuşuq, bu da 2 əsgərlə başımız üstündə durub, söhbət edirik).
- Maddə odur ki, burda oturmaq olmaz.
- Siz gedin, patrulu çağırın, mən onlara da eyni şeyi deyəcəm. Buna görə məni tutmazlar.

Getdi, zəng elədi, əl-qol hərəkətlərindən anladım ki, zəng elədiyi adam buna görə patrul göndərə bilməyəcəyini deyir. Danışıb, qutardı, yenə gəldi:
- Çağırdım, gəlirlər.
- Əla. Çox sağ olun. İndi aralı durun, istirahətimizi edək.
- Düz eləmirsiniz.
- Ok. Patrul gəlsin, hansı maddəni pozduğumuzu desin, protokol tərtib olunsun, baxarıq, nəyi düz eləmirik.

Getdi və gəlmədi. SMS icazə vaxtımız bitənə yaxın durub, getdik. Taksi gözləyəndə uzaqdan baxdıq ki, daha 3 cütlük gedib, qazonda oturdular. Onları həmin polis durğuzdu, dərhal da durdular. 2 qoyun satıb, işə düzəlməyin axırı budur. Elə bilir, "dövlət büdcəsi mənim vergimlə formalaşır" demək hörmətsizlikdir, maddə, qanun tələb eləmək olmaz, "Nə maddə, nə sənəd, rəis dedi, qurtardı" təfəkkürü ilə guya təhlükəsizliyimizi qoruyur.