BDU-nun müəllimi: "Polis əşyalarımı qaytarmır"
03-02-2024 16:16 / Bu xəbər 966 dəfə oxundu
Araz Əliyev: "Daxili İşlər Nazirliyinə dəfələrlə rəsmi müraciət etmişəm"
"Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlamışıq. "102 Xidməti"nə də bir neçə dəfə zəng edib məlumat vermişik. Vəkilim də bütün qurumlarla əlaqə saxlayıb, amma saxlanılarkən götürülən əşyalarım və elektron cihazlarım geri qaytarılmır".
Bunu dekabrın 23-də saxlanılaraq 25 sutka inzibati cəza alan III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev "Arqument.az"a deyib.
Araz Əliyev yanvarın 17-də azadlığa buraxılsa da, o vaxtdan əşyalarını geri ala bilmir.
Fəal deyir ki, Daxili İşlər Nazirliyi bu barədə hər hansı bir rəsmi açıqlama da vermir.
Fəalın sözlərinə görə, saxlanılarkən III Respublika Platformasının spikeri Akif Qurbanovun da kompüteri onun üzərində olub və o da götürülüb.
Akif Qurbanov da bununla bağlı sosial media hesabından məlumat yayıb, lakin onun da kompüteri qaytarılmır.
Araz Əliyev qeyd edib ki, saxlanılan gün üzərində olan elektron cihazlar (noutbuk, makbuk və mobil telefon), o cümlədən bank və iş kartları, evin açarları götürülüb: "Onların harada olmasından və hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsizəm. Məni saxlayan və 24-cü polis bölməsinə aparan şəxslər mülki geyimli polislər idi, əşyalarım və elektron cihazlarım da məhz bu şəxslər tərəfindən götürülüb”.
Araz Əliyev problemlə, həmçinin saxlanılarkən üzləşdiyi zorakıllıq halları ilə bağlı Baş Prokurorluğa da müraciət edib. Amma Baş Prokurorluqdan da reaksiya gəlməyib.
2023-cü ilin dekabrın 23-də III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev saxlanılıb.
Dekabrın 24-də məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib və barəsində 25 sutka həbs qərarı çıxarıb.
O, yanvarın 17-də axşam saatlarında azadlığa çıxıb.
Araz Əliyev polis bölməsinə aparılarkən zorakılığa məruz qaldığını desə də, sonrakı günlərdə ona qarşı şiddət olmadığını əlavə edib.
Ötən il dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib.
Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.
Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.
Platformanın şüarı belədir: "Tək Adama deyil, Hüquqa itaət edirik!”