“Belə Nəsimini görməmisiniz, yəqin...”
19-02-2021 13:29 / Bu xəbər 1751 dəfə oxundu
İş otağındakı dörd müəllimədən biri iri kompozisiyanı əlinə alıb göstərir.
Nəsiminin portretinin başında müəlliflərinin dediyi kimi Zübeydə örpəyindən ağ çalma qoyulub, baş geyiminin ortası isə milli ornamentli parçadan hazırlanıb.
Müəllimələrin tikdiyi qaftan və arxalığa milli naxışlar salınıb.
Həvəslə əl işlərini göstərən, onların haqqında ən adi detallara qədər danışan bu dörd xanım Bigəhdəki məktəblərdən birində işləyirlər.

Onların iş otağında belə orijinal, maraqlı əl işləri çoxdur. Bəzən milli və müasir geyimləri sintez etməyə çalışırlar, bəzən Azərbaycana dair naxışları, qədim rəsmləri, detalları geyimlərdə qorumağa, göstərməyə can atırlar. Məsələn, müasir dəbdə tikilmiş ağ kostyumun qofta və pencəyinə min illər öncə Qobustan qayalarına həkk edilmiş rəsmlər işlənib.
"Bunlar hamısı əl işidir. Rəsmlər, naxışlar əllə salınıb”, – Ruhəngiz Əliyeva Arqumet.az-a deyir.
Əslində layihə çərçivəsində biz qrup rəhbəri kimi onunla görüşüb danışmalı idik. Amma razılaşmadı. Səbəbi haqda az sonra...

Tanış olaq: Ruhəngiz Əliyeva, Sədaqət Məmmədova, Alidə Rəhimova, Gülşad Quliyeva orta məktəbdə müəllimdirlər. Onlardan üçü texnologiya fənnini, biri təsviri incəsənəti tədris edir. Gülşad Quliyeva modelyer-rəssamdır, digər üçü həm həm naxışçı, həm də quramaçıdır.
Onlar işə milli kostyumlar, araqçınlar tikməklə, məktəb və bağçalardan sifariş götürməklə başlayıblar. Elə işlədikləri otaqda milli geyimlər, araqçınlar, müxtəlif tikmələr, quramalardan hazırlanmış paltarlar, yastıqçalar, mütəkkələr, xurcunlar, nələr var, nələr.

Müasir üst geyimlərində, süfrə və odeyallarda quramadan istifadə edirlər. Onlar əli işi olduğundan 130-150 manata satılır.
"Bu gördüyünüz həyat ağacıdır. Xalçalarımızda daha çox rast gəlirik. Buynuzlar isə igidlik rəmzidir”, – paltarları göstərə-göstərə Alidə Rəhimova danışır.
"Bizim rəssam, yəni Gülşad əvvəlcə eskizləri hazırlayır, biz də sonra onu kəsir tikirik”, – yenə Ruhəngiz Əliyeva izah edir.
O qrupda hamının zəhmət çəkdiyini, həvəslə çalışdığını, bütün ideyaları birgə müzakirə etdiklərini söyləyir: "Soruşsanız rəhbəriniz kimdir, deyərik heç kim. Burda birinci, ikinci yoxdur, hamı bərabərdir, hamı öz ideyasını verir, bir yerdə onu təkmilləşdirir, ərsəyə gətiririk”.
"Biz günortaya qədər dərs deyir, sonra naharımızı edib burda işə başlayırıq. Axşam saat 11-12-yə kimi işləyirik, indi yox, pandemiyadan qabaq. Bəzilərimiz uzaqdan gəlirik. Amma işimizdən zövq aldığımız üçün uzaq-yaxın olmasının fərqinə varmırıq”, – Alidə Rəhimova deyir.

Bu xanımlar əvvəllər məktəb və bağçalardan sifarişlər aldıqlarını, bu sayədə məşhurlaşdıqlarını deyirlər: "Bir gün məktəbin direktoru dedi ki, Amerika təşkilatının – USAİD-in təlimləri var, iştirak etsəniz yaxşı olar. Təlimlərdə xeyli qadın vardı. Bizə biznesi qurmağı, onu idarə etməyi, əlimzidəki vəsaitdən ağılla, qənaətlə istifadəni öyrətdilər, işimizə aid məsləhətlər verdilər. Biz də əliboş deyildik. Orda da bizim əl işlərimiz seçilirdi. Hamı bizə deyirdi ki, qalib siz olacaqsınız. Biz fərqli işlər hazırlamışdıq, çünki”.
Xanımlar USAİD-in - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təlimlərinə qoşulandan sonra həm işlərini böyüdüblər, həm də işləri asanlaşıb.
Onlara xüsusi tikiş, naxış maşınları, kəsici alətlər, ütülər verilib. İndi dediklərinə görə, naxışı əllə yox, maşınla tikirlər. Bu yardım xanımların qazancını artırmağa imkanlar yaradıb: "Heyf pandemiyaya görə işlərimizə bir az ara verməli olduq. Biz axı adi dərzi kimi şalvar ayağı kəsmirik, ya don, qofta tikmirik. Biz maraqlı işlər hazırlamağa çalışırıq. Neçə aydır iş yoxdur. İndi də yarımçıq qalan işlərimizi bitirməyə gəlmişik”, – Sədaqət Məmmədova danışır.
O, pandemiya dövrünün çətinliyindən söz açır: "Xəstəliyə görə bayram keçirilmir, ona görə də sifariş yoxdur. Çətindir”.
Alidə Rəhimova davam edir: "Məktəblər olanda tədbirlər keçirilirdi, xüsusi işlər təqdim edirdik, məsələn, Nəsimi kimi Dədə Qorqudun da kompozisiyasını hazırlamışdıq, ya da Novruzda dörd ünsürü – hava, su, od, torpaq ünsürlərini kompozisiya şəklində işləmişdik”.

Arada koronavirus infeksiyasına yoluxub, xəstəliklə mübarizə aparan xanımlar ruhdan düşməyiblər. Əksinə deyirlər ki, ideyaları həddən artıq çoxdur, onlardan birini bölüşürlər, bu il Azərbaycanda "Nizami ili" olduğundan şairin qəhrəmanlarına müraciət etməyi, elə 880 yaşlı şairin özünün də kompozisiyasını hazırlamağı düşünürlər. Bununla bağlı maraqlı fikirləri var, indidiən ölçüb-biçməyə başlayıblar. Düzdür, ideyalarını indilik paylaşmırlar, zarafatla "kimsə oğurlayar, gəl sübut elə” deyirlər.
Rəssam Gülşad Qulieva isə təkcə bayramlar üçün yox, həm də Bakıda fəaliyyət göstərən teatrlarla, kinostudiya ilə əməkdaşlığa hazır olduqlarını, tamaşalar, filmlər üçün paltarlar tikmək istədiklərini bildirir. O özü də teatrlardan biri ilə əməkdaşlıq etdiyini qeyd edir. Amma indilik mədəniyyət ocaqlarının qapısı da bağlıdır.

Müəllimələr indi həm də intizarla şagirdləri ilə işləməyi gözləyirlər, axı onlar həm də kurslarda azyaşlılara, gənclərə milli naxışları, geyimləri hazırlamağı öyrədirlər.
Həvəs, enerjisi, ideyası bol olan bu xanımların indi bircə arzusu var, tezliklə pandemiya geridə qalsın, xəstəlik bitsin və yenidən işə girişsinlər: birgə müzakirə aparsınlar, ideyaları təkmilləşdirsinlər, eskizlər hazırlansın, sonra iynə-sapı əllərinə götürüb onu gerçəkləşdirsinlər, daha sonra onları sərgilərdə, bayramlarda nümayiş etdirsinlər.
Şahnaz












