Bələdiyyə sədrinin oğlu süpürgəçini maşınla vurub: süpürgəçi xəstəxanada ölüb

Bələdiyyə sədrinin oğlu süpürgəçini maşınla vurub: süpürgəçi xəstəxanada ölüb

17-10-2021 17:28 / Bu xəbər 1341 dəfə oxundu

Suraxanı rayon Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun oğlu Nahid Həsənovun qəza törətdiyi və qəzada süpürgəçinin öldüyü bildirilir. 

Bunu hadisə şahidləri "Arqument.az"a deyiblər. 

Onlar bildiriblər ki, qəzaya düşən süpürgəçi 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. Amma həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda qeyd olunur ki, qəzanı törədən Nahid Həsənovla bağlı hər hansı bir hüquqi tədbir görülməyib: "Məqsədli olaraq, cinayət işini ört-basdır etmək istəyirlər. Natiq Həsənov Suraxanı rayon icra başçısı Eldar Əzizova yaxın şəxsdir. Bu üzdən istəmirlər ki, məlumat ictimailəşsin". 

Bildirilir ki, qəzanı törədən Nahid Həsənov AZAL-ın (Azərbaycan Hava Yolları) işçisidir. 

Şəhər Klinik Xəstəxanasından hadisə ilə bağlı məlumat öyrənmək mümkün olmayıb. Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, bu barədə məlumat vermək səlahiyyətində deyillər. 

"Arqument.az"ın əməkdaşı Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, cavab verilməyib.