Elmar Vəliyevə görə həbs olunanların məhkəməsi yekunlaşır

Elmar Vəliyevə görə həbs olunanların məhkəməsi yekunlaşır

06-08-2021 13:56 / Bu xəbər 2233 dəfə oxundu

"Bir-birini tanımayanlar necə mütəşəkkil dəstə ola bilərdi, onu anlaya bilmirəm”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev, onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin 2020-ci ilin martından başlayan məhkəməsi yekunlaşır.

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində son iki vəkil də çıxış edib, ardınca təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Vəkillər Fariz Namazlı və Zibeydə Sadıqova həm istintaqdan, həm də məhkəmə prosesinin gedişindən narazılıq edib. 

Onlar bildirib ki, bu işlə bağlı obyektiv, hərtərəfli araşdırma aparılmadı, həqiqətin ortaya çıxarılması üçün lazım olan addımlar atılmadı. 

Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslər sabiq icra başçısına qarşı sui-qəsd olayına aidiyyəti olmadığını bildirir. Onlar bu cinayətdə ittiham edilsələr də, ortaya heç bir sübut-dəlil qoyulmur. Vəkillərin sözlərinə görə, cinayət işinin materialları sübutlardan yox, sadəcə boş söz yığınından ibarətdir.

Müdafiəçilər onu da əlavə edib ki, Elmar Vəliyevə qarşı sui-qəsd terror aktı kimi qiymətləndirilib. Hadisəni törədən şəxs – Yunis Səfərov isə açıq şəkildə deyir ki, icra başçısı əhaliyə zülm elədiyinə və yuxarı dövlət orqanları onunla bağlı şikayətlərə baxmadığına görə ondan qisas almaq niyyətində olub.

Vəkillər təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasından da danışıb, onların işgəncəyə məruz qaldığını, həbsdə olduqları müddətdə aylarla telefonla danışa, görüşə bilmədiklərini bildirib.

Bununla da vəkillərin çıxışı mərhələsi yekunlaşıb və məhkəmə prosesində axırıncı mərhələ - təqsirləndirilən şəxslərin son sözü başlayıb. Onların əksəriyyəti son sözə hazır olmadıqlarını deyiblər. Lakin Vüqar Məmmədov və Ceyhun Salahov çıxış edib.

Vüqar Məmmədov deyir ki, heç bir cinayət törətməyib, özünü də təqsirli bilmir. Buna baxmayaraq, üç ildir həbsdədir. Onun sözlərinə görə, polis ailəsində boya-başa çatıb. Özü də mühafizə polisində çalışıb. Təqsirləndirilən şəxs həbsdə olduğu dövrdə Azərbaycanın beynəlxalq təşkilatlara hesabatlarını araşdırıb. Üzə çıxıb ki, bu hesabatlarda Azərbaycan 2017, 2018, 2019-cu illərdə ölkə ərazisində terror aktlarının baş vermədiyini göstərib: "Bu, necə ola bilər ki, beynəlxalq təşkilata 2018-ci ildə ölkədə terror aktı baş vermədiyi yazılır, amma biz 2018-ci il iyulun 3-də terror aktı törətməkdə ittiham olunur?”

Vüqar Məmmədov onun haqqında bəraət hökmü çıxarılmasını istəyib. O bildirib ki, günahsız həbsdə saxlanmasına görə kompensasiya ala bilsə, "Yaşat” Fonduna köçürəcək.

Təqsirləndirilən Ceyhun Salahov də bəraət istəyib. Onun sözlərinə görə, Yunis Səfərov üçün Gəncədə mənzil kirayələməsindən tutmuş, üstündən narkotik çıxmasına qədər ittihamda yazılanların hamısı yalandır: "Bizi "mütəşəkkil dəstə” adlandırırlar. Halbuki, mən bu adamların cəmi üçünü tanımışam. Qalanlarıyla məhkəmə zallarında, kameralarda tanış olmuşam. Yaxşı ki, bu adamları tanımışam. Hamısı çox dəyərli insanlardır. Bir-birini tanımayanlar necə mütəşəkkil dəstə ola bilərdi, onu anlaya bilmirəm. Başqa ittihamlar bir yana, əllərim qandallı vəziyyətdə gözlərim baxa-baxa cibimə narkotik qoyub məni şərlədilər...”

Ceyhun Salahov əlavə edib ki, vicdanı olan kəs günahsız insanların şərlənməsinə, onların həm özlərinin, həm də yaxınlarının əzab çəkməsinə vasitəçi olmaz: "Buna səbəb olanlar günün birincə mütləq cavab verəcəklər, həm qanun, həm də Allah qarşısında. Buna əminəm. Çox təəssüf ki, o vaxta qədər günahsız adamların özləri də ailələri də əzab çəkir”.

Məhkəmə prosesi avqustun 12-də davam edəcək.

Prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Anar Bağırovun bacısı Aynur Bağırova, Ağa Sərxaninin isə həyat yoldaşı Sevinc Sərxani onların hüquqi varisi qismində tanınıb. Onlar ailə üzvlərinin təqsirsiz olduğunu, heç bir cinayət törətmədiyi və müqavimət göstərmədiyi halda, qətlə yetirildiyini bildirib.

Aynur Bağırova məhkəmənin gedişindən narazı qalıb. 

O, hesab edir ki, məhkəmə prosesində həqiqətin üzə çıxarılması üçün lazım olan addımlar atılmadı, bu məqsədlə müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilmədi. Ona görə də prezidentə müraciət edib: "Qardaşım öldürülərkən otaqda onun yanında yoldaşı olmuşdu. Vəkil onun çağırılıb dindirilməsini istədi, hakim təmin etmədi. Bu, məhkəmə deyildi, Xanlar Vəliyevin (ölkənin hərbi prokuroru, Elmar Vəliyevin qardaşı-red.) sifarişilə keçirilən oyun idi. Avropa Məhkəməsinə müraciət edəcəyik. "Müqavimət göstərdi” adı ilə altı nəfərin qanı tökülüb. Bizə heç əzizlərimizin meyitinin üzünü göstərmədilər. Şəklini belə, indiyə qədər göstərmirlər. Qardaşımın başına, bədəninə güllə vurandan sonra yaxınlaşıb, ürəyinə də güllə vurublar. Bu vəhşilik mənə verilən rəsmi sənəddə yazılıb. Cənab prezident buna münasibət bildirsin, bizi xaricdə ədalət axtarmağa vadar eləməsinlər”.///Meydan TV