Bəxtiyar Hacıyev: "Rəis dedi ki, Vilayət Eyvazovdan yazsan, səni peşman edərəm"

Bəxtiyar Hacıyev:

22-08-2022 17:13 / Bu xəbər 1193 dəfə oxundu

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını deyir. 

Hadisə avqustun 22-də günorta saatlarında baş verib.

Bu barədə Bəxtiyar Hacıyev Meydan TV-yə danışıb.

Deyib ki, onu Dövlət Statistika Komitəsinin qarşısında canlı yayım etmək istəyərkən zorla Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: "Məni maşından düşürəndə başımdan və qollarımdan vurdular, başqa heç nə olmadı. İdarənin rəisi Əbülfət Rzayev məni qəbul etdi. Dedi ki, bir də Vilayət Eyvazovdan yazsan, səni peşman edəcəyəm, güc bizdədir, bizə güc göstərmə”.

Bəxtiyar Hacıyev deyib ki, onu Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsində Fuad Muradovla da görüşdürüblər: "İdarədə Vilayət Eyvazov və Fuad Muradov haqda sosial şəbəkədə yazdığım statuslarımı sildirdilər. Ardınca Fuad Muradovla üz-üzə otuzdurdular, o da mənimlə profilaktik söhbət edib, dövlətçilikdən dərs keçdi”.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Bəxtiyar Hacıyevin saxlanılmasını pisləyib.

Bu barədə təşkilatın yaydığı açıqlamada qeyd olunur: "Müstəqil siyasətçi Bəxtiyar Hacıyevə zor tətbiq etməklə, onu döyə-döyə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması, orada telefonunun alınması və yazdığı tənqidi statusların polis əməkdaşları tərəfindən silinməsi kobud qanun pozuntusudur və bu hallar söz-ifadə azadlığının məhdudlaşdırılmasıdır". 

""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin belə qeyri-qanuni hərəkətini qətiyyətlə pisləyirik və hesab edirik ki, belə kobud qanun pozuntusuna yol verən, vəzifə səlahiyyətini aşan polis əməkdaşları ciddi şəkildə cəzalandırılmalıdırlar", - deyə təşkilat bildirib.

Aprelin 21-də saat 23 radələrində də Bəxtiyar Hacıyev "Caspian Plaza”dan çıxıb evə gedərkən Məhəmməd Naxçıvani və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər qəfildən ona hücum edilib, başına qara torba keçirib, naməlum istiqamətə aparıblar.

Bildirdiyinə görə, onu təhqir edərək, Daxili İşlər Nazirliyi, o cümlədən nazirlə bağlı tənqidləri dayandırmağı, indiyədək bu mövzuda yazdıqlarını silməyi tələb ediblər.

Aprelin 25-də Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

Elə həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev onu qəbul edib.

Ardınca nazir Vilayət Eyvazov da Bəxtiyar Hacıyevi qəbul edib.