Bəxtiyar Hacıyevə daha bir ittiham irəli sürülüb

Bəxtiyar Hacıyevə daha bir ittiham irəli sürülüb

07-11-2023 14:19 / Bu xəbər 1132 dəfə oxundu

İctimai fəal, İstintaq Təcridxanasında saxlanılan Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb.

Bu barədə vəkil Elçin Sadıqov "Turan"a bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə sığorta ödənişlərdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 

Vəkil qeyd edib, əvvəlkilər kimi yeni ittihamın da heç bir əsası yoxdur və saxtalaşdırılıb.

"Yeni ittiham Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilatın yox, digər qurumların gəlirləri əsasında irəli sürülüb. Yəni istintaq hesab edir ki, əgər digər təşkilatların müəyyən gəlirləri varsa, Hacıyevin strukturu da eyni gəlirə malik olmalıdır", - vəkil deyib.

Hüquq müdafiəçisi Rüfət Səfərov yeni ittihamı şərh edərkən Hacıyevi "siyasi girov" adlandırıb.

"İstintaqın aparılması üçün qanunla nəzərdə tutulmuş müddətlər başa çatıb, amma hələ də ona yeni ittihamlar irəli sürürlər", - Səfərov qeyd edib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə saxlanılıb.

Bu ilin iyulunda ona Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206 ( qaçaqmalçılıq) maddələrilə itthamlar irəli sürülüb.

Bəxtiyar Hacıyev əmindir ki, bütün ittihamlar saxtalaşdırılıb. Həbsin və ittihamların səbəbi hakimiyyətin tənqidinə görə cəzadır.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.