Bəxtiyar Hacıyevin məhkəməsi mübahisə şəraitində davam edib
20-09-2024 19:27 / Bu xəbər 777 dəfə oxundu
Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi səndələrə baxışla davam etdirilib.
Bu zaman dövlət ittihamçısı ilə Hacıyev arasında mübahisə olub.
Bəxtiyar Hacıyevlə zərərçəkmiş kimi tanınan Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsindəki insidenti əks etdirən video nümayiş etdirilib.
Məhkəmə iclasında iştirak edən Zəfər Əhmədov "Amerikanın səsi”nə deyib ki, nümayiş zamanı Hacıyevə qarşı irəli sürülən ittihamı əks etdirən zorakılıq hadisəsi videoda əks olunmayıb: "Bəxtiyar Hacıyev ittihamın əsassız olduğunu dedikdə dövlət ittihamçısı onun zaldan çıxarılması barədə vəsatət verib. Hakim sənədlərin tədqiqi mərhələsi olduğu üçün vəsatəti qismət təmin edib. Hacıyevi məhkəmə zalından çıxarmayıb, lakin ona yazılı xəbərdarlıq edib”.
Bəxtiyar Hacıyev deyib ki, növbəti məhkəmə iclasında iştirak etməyəcək.
Məhkəmə sentyabrın 25-də davam edəcək.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub.
O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.
İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb.
Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.
Ona qarşı həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham irəli sürülüb.
Həmin ilin noyabrda isə Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.