Bəxtiyar Hacıyev polisə çağırılıb: "Deputat şikayət edib"
22-06-2020 18:30 / Bu xəbər 1504 dəfə oxundu
İctimai fəal Bəxtiyar Hacıyev deputat Fazil Mustafanın şikayəti əsasında iyunun 22-də səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə Bəxtiyar Hacıyev məlumat yayıb.
O bildirib ki, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Elçin Qurbanov tərəfindən bir neçə saat dindirilib.
Polis İdraəsindən sərbəst buraxılan fəal yazıb: "Deputat Fazil Mustafa mənim barəmdə Bakı Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı bildirib, "adam olmağa” çağırışını təhdid, şantaj, hədə-qorxu saydığını bildirib. Bununla bağlı mən Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək, vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım".
"Fazil Mustafa ilə bağlı bir neçə quruma müraciət etmişəm, Baş Polis İdarəsinə də, məhkəməyə də müraciət edəcəyəm. Müqavilə bağladığımız vəkil dostumuz Aqil Layıc da ora gəlmişdi, lakin izahatı yekunlaşdırdığıma görə oradakı işimizi yekunlaşdırdıq", - Bəxtiyar Haxıyev qeyd edib.
Bəxtiyar Hacıyev bir neçə gün öncə deputat Fazil Mustafanı xalqı "it sürüsü" adlandırdığı üçün tənqid etmişdi.
Zülfiyyə Quliyeva
Toplum.Tv












