Rəhim Qazıyev ev dustaqlığına buraxılmadı
14-08-2020 12:54 / Bu xəbər 11326 dəfə oxundu
Keçmiş nazir: "Gülünc-gülünc şeylərdir...”
Səbail Rayon Məhkəməsində keçmiş Müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Hakim Ülviyyə Şükürovanın sədrliyilə keçirilən məhkəmə iclasında R.Qazıyevin özü də iştirak edib.
R.Qazıyevin vəkili pandemiya dövrünü, onun 78 yaşı olmasını, səhhətindəki problemləri, istintaqdan qaçıb gizlənmək niyyətinin olmadığını vurğulayaraq, müvəkkilinin barəsində həbs-qətimkan tədbirinin dəyişməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil əlavə edib ki, R.Qazıyevi dövlət əleyhinə çağırışlar və təxribat ittihamlarıyla həbs etmək üçün yetərincə əsaslar, sübutlar olmayıb. O, saxlanılarkən Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin tələblərinə əməl olunmayıb.
R.Qazıyev özü də ittihamları qəbul etmədiyini bildirib, təqsirsiz olduğunu vurğulayıb. O bildirib ki, dövlət əleyhinə çağırış etməsi, təxribat törətməsi barədə ittihamda yazılanlar cəfəngiyyatdır. Sifarişlə həbs olunduğunu deyən R.Qazıyevin sözlərinə görə, onun həbsinə səbəb olan müsahibəsində dövlətçilik əleyhinə fikir olmayıb. Keçmiş nazir nəinki indi, ümumiyyətlə, heç vaxt qaçıb gizlənmək fikrinin olmadığını bildirib: "Gülünc-gülünc şeylərdir bunlar...”
Hakim Ülviyyə Şükürova sabiq nazirin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək. R.Qazıyevin yaxınları bildirib ki, əgər apelyasiya məhkəməsi də onu həbsdən buraxmağa "yox” desə, bu halda, sabiq nazirin haqqındakı həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.
İyulun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunan R.Qazıyevə qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb.
DTX və və Baş Prokurorluğun birgə açıqlıamasında bildirilib ki, R.Qazıyevin saxlanılmasına əsas onun iyulun 12 və 13-də sosial şəbəkələr vasitəsilə cəbhə bölgəsindəki hadisələr barədə həqiqətə uyğun olmayan xəbərlər yaymasıdır. Onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.
İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub.
Rəhim Qazıyev "AzFreedom” internet kanalında iyulun 12-də atəşkəsin pozulması nəticəsində Azərbaycanın 12 əsgərinin həlak olduğunu və çoxlu hərbçinin yaralandığını deyib. O, dövlət başçısı İlham Əliyev haqqında ittihamlar səsləndirib.
R.Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. 1993-cü ilin noyabrında həbs edilib. 1994-cü ilin sentyabrında MTN-da saxlanılan Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçıb. 12 may 1995-ci ildə Rəhim Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib. Rəhim Qazıyev 1996-cı il aprelində Moskvada saxlanılaraq Bakıya həbsxanaya qaytarılıb. 1998-ci ildə onun cəzası ömürlük həbslə əvəzlənib. Daha sonra Avropa Şurasının tələbilə onun işinə yenidən baxılıb və bu dəfə Bakı Apellyasiya Məhkəməsi onun 15 il azadlıqdan məhrum edilməsi barədə yeni hökm çıxarıb. O, 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamıyla əfv olunub.///Meydan.Tv