Bəxtiyar şəhid Azər haqqında ballada

Bəxtiyar şəhid Azər haqqında ballada

21-09-2023 00:18 / Bu xəbər 3965 dəfə oxundu

Çingiz Sultansoy
 

Şəhid Azər Məmmədovun xanımıyla toy günü şəkli... 

Gənc, gözəl, xoşbəxt cütlük, bir gənc Azərbaycan ailəsi! İnanmıram, bu şəkildə poz verirlər, amma lap versələr belə, səmimidirlər. Bir-birini necə sevdikləri, necə bəxtiyar olduqları görünür, duyulur. 

Qız necə də sığınıb Azərə, sanki arxasında həyatın gələcəkdəki pisliklərindən, isti-soyuğundan, şaxtasından-küləyindən, şər-xatasından gizlənib belə qorunacaq. Yanağını çiyninə söykəyib, həyata daha böyük ümidlə, güvənlə baxır, bundan sonra güvənc yeri, onu qoruyacaq nər kimi əri var. İndisə, bu anda, bu yerdə üzündən sevinc,  səadət yağır, ömrününün ən gözəl dəqiqələrini, saatlarını yaşayır.

Almanlar toya, nigah mərasiminə "hochzeit" deyirlər,  "hoxtsayt" kimi səslənir, "uca, ülvi zaman" deməkdir, gözəl deyimdi. Bu alman sözü şəkildəki bəxtəvər azərbacan cütlüyün halına, bu anlarda duyduqları, yaşadıqlarına necə də yaraşır! 

Bu şəkli çəkən adi fotoqrafa oxşamır, əsl sənətçidir, bu cütlüyü belə çəkə bilibsə. O, tək bu gənclərin yox, həyatın özünün belə bir xoşbəxt anını tutub, sənət əsəri yaradaraq tarixə salıb.

Azər harasa uzaqlara baxır, o da bəxtiyardır, amma elə də büruzə vermir, xasiyyəti budur, yoxsa Azərbaycan kişisi kimi ənənəvi-patriarxal anlayışlardan kənara çıxmır, çıxmaq istəmir, təmkinin saxlayır, ona görə, ya da sadəcə bu şəkildə belə alınıb, bilmirəm. Amma sevinc, səadət onun da üzündə, dodaqlarının qırağındakı xəfif, güclə sezilən təbəssümündə duyulur. 

Bu gənc və gözəl sevgililərin, bu cütlüyün bütün həyatı irəlidədir, əl-ələ verib yaşayacaq, həyatın daşlı-kəsəkli, qarlı-çovğunlu yollarıyla addımlayacaqlar, nə qədər çətin, nə qədər maneə olsa da keçib gedəcəklər, həmişə xoşbəxt olacaqlar.  Əmindilər, bütün gənclər, özəllikə sevən gənclər kimi. Sanki ortaçağ uyğur ya Təbriz miniatüründən çıxıb günümüzə gələn qızın əminliyini  daha aydın görünür. Niyə də olmasın? Ailə qurub, Azər kimi əri var, ona arxalanır, qolundan tutub, çiyninə söykənib, güvənir. Həyat...

O gün də, ondan sonrakı günlər də xoşbəxt oldular, cüt ola-ola bütün dünyada tək idilər, həyatdan, bir yerdə olmaqdan zövq alırdılar,  öpüşürdülər, bir-birilərini oxşayırdılar, əzizləyirdilər, bu həyat idi, həyat şirin idi, gələcəyə plan qururdular, sonra Azər ordiya getdi, hərdən zəng edirdi, bir-birilərinə nəsə pıçıldayır, darıxdıqlarını deyirdilər. Bu ayrılıq da hələ xoşbəxtlik idi, xoşbəxtliyin davamı idi, amma bunu bilmirdilər, xoşbəxtlik yox, ayrılıq sayırdılar, günləri sayırdılar... 
Hayıf, çox hayıf ki, evliliyiniz, xoşbəxtliyiniz bir aydan azca çox çəkdi, gül balalar! Qəfildən Azərin qara xəbər gəldi. Bu da həyatdır, qorxunc qara üzü..
Bal ayı yarımçıq, bir üzü qız, bir üzü gəlin qızım, bu mutlu  şəklini görəndən sonra ağlar üzünə, yaşla dolu gözlərinə necə baxım? Baxa bilmərəm, bacarmaram.  
Sənin can sarayın  dağıldı... 

Dağıdana lənət, min lənət!

1929-cu ildə çap olunmuş məşhur "Qəhrəmanın ölümü" romanının müəllifi, ingilis yazıçısı Riçard Aldinqton əsərin qəhrəmanı, Birinci Dünya Müharibəsində həlak olmuş kapitan Gorc Uinternborn və arvadı Elizabeth haqqında yazıb ki, "Mənim Corca yazığım gəlmir. O günü, sonrakı günlər də Corc da, Elizabeth də xoşbəxt idilər. Həqiqi xoşbəxtliyin bir günü, hətta bir saatı isə uzun həyat illərinin bütün pisliyini, ağrı-acılarını üstələyir". 

Sitatı yadımda qalan kimi yazmışam, romana baxıb yoxlayam gərək, amma mahiyyəti dəqiqdir.  

Allah eləsin, Aldinqtonun sözü düz olsun. 

Allah rəhmət eləsin, şəhidim! Allah şirin canlarını vətən uğrunda verən bütün şəhidlərə rəhmət eləsin!