Beynəlxalq təşkilatlardan qətiyyətli addım atmaq tələb olundu
24-11-2023 01:28 / Bu xəbər 1170 dəfə oxundu
Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, media təmsilçisi və ictimai fəal ölkədə media azadlığı və insan hüquqlarının pozuntusuna dair bəyanat yayıb.
"Abzas Media" işi ilə bağlı çağırış edən vətəndaş cəmiyyəti təmsilçiləri ölkədə hüquq və azadlıqların ağır durumda olduğunu bəyan ediblər.
"Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, Azərbaycanda müstəqil mediaya qarşı siyasi həbslərin və repressiyanın yeni dalğası ilə bağlı narahatlığımızı və etirazımızı ifadə edirik. Hazırkı repressiyasının spesifik hədəfləri "Abzas Medianın” direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə "Abzas Media” qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir", - deyə onlar qeyd ediblər.
"Abzas Media"nın rəhbərliyinin həbsini pisləyən VC nümayəndələri bunu uzun illər ölkədə aparılan repressiv mühitin tərkib hissəsi sayıblar: "20.11.2023-cü il tarixdə, gecə saatlarında Ülvi Həsənli xaricə səfər etmək üçün aeroporta gedərkən evinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün günorta saatlarına qədər dostları və vəkili onun aqibəti barədə məlumat əldə edə bilməyib. Yalnız davamlı məlumat əldə etmək cəhdlərindən sonra, Ü.Həsənlinin Bakı Şəhəri Baş Polis İdarəsi ("BŞBPİ”) tərəfindən saxlanıldığı bəlli olub. Ülvi Həsənli saxlanılarkən pis rəftara (o cümlədən döyülməyə) məruz qalıb. Onu saxlayan polis əməkdaşları bildiriblər ki, Qarabağ problemindən yazmaq əvəzinə, yüksək ranqlı hökumət rəsmiləri barədə korrupsiya araşdırmaları apardığı üçün cəzalandırılır.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, "Abzas Media”nın ofisinin yerləşdiyi mənzildə əməliyyat müvəkkilləri tərəfindən baxış istintaq hərəkəti həyata keçirilib. Lakin Rayon Məhkəməsi baxış istintaq hərəkətini əsaslandırmayıb və mühim şübhə kimi yalnız qeyri-müəyyən "qərəzsiz mənbə” tərəfindən verilmiş informasiyaya istinad edib. Baxışdan əvvəl mənzilin yerləşdiyi bina polis tərəfindən mühasirəyə alınıb və aparılmış baxışın protokoluna əsasən mənzilin dəhlizində guya 40.000 avro valyuta "aşkar edilib”. Ülvi Həsənli baxış istintaq hərəkətinin nəticələrinə etiraz edib və qeydlərini protokola əlavə edib".
"Həmin gün eyni zamanda, polis əməkdaşları M.Kekalovu yaşadığı mənzildə zorakılıqla tutublar və hər hansı hüquqi əsaslar olmadan onun "Notbuku” və mobil telefonunu götürüblər. Bu andan sonra Məhəmməd Kekalov inkommunikado həbsdə tutulub və ailəsi, eləcə də vəkili ilə əlaqə saxlamağa icazə verilməyib. Onun harada tutulması 3 gün bəlli olmayıb. Onun ailəsi və vəkili Kekalovla əlaqə saxlaya bilməyib və müvafiq qurumlar onun haqqında məlumat verməkdən imtina edərək onun ailəsi tərəfindən təyin edilmiş vəkillə görüşünə mane olublar", - deyə onlar qeyd ediblər.
Bəyanat müəllifləri hesab edirlər ki, ölkədə vəziyyət getdikcə pisləşir. Onların fikrincə, ölkədə ədalətli mühakimə sistemi ümumiyyətlə yoxxdur:
"Növbəti gün erkən saatlarda saytın baş redaktoru Sevinc Vaqifqızı ölkəyə qayıdarkən aeroportda BŞBPİ-nin polis əməkdaşları tərəfindən tutulub. Ülvi Həsənli və S.Vaqifqızının yaşadığı mənzillərdə baxış istintaq hərəkəti həyata keçirilib. Lakin bu baxışlar nəticəsində götürülmüş əşyalar sübut qismində cinayət işində istifadə edilməyib. Daha sonra Ülvi Həsənliyə və Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham irəli sürülüb. Bu ittihamlar üçün "Abzas Media”nın ofisinin yerləşdiyi mənzildə "aşkar edilmiş” xarici valyutaya istinad edilib.
Həmin gün BŞBPİ və müvafiq prokurorluq orqanı Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə tələblə Xətai Rayon Məhkəməsinə müraciət edib. Həmin gün Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri tələbini təmin edərək ibtidai istintaq dövrü məqsədi ilə Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçib. Həbs qətimkan tədbirinin seçilməsi üçün tələb edilən əsaslı şübhə elementi ilə əlaqədar ilkin sübutlar məhkəməyə təqdim edilməyib və məhkəmə tərəfindən də araşdırılmayıb".
"Bundan əlavə, Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçilməsi üçün qaçmaq və ya sübutları saxtalaşdırmaq kimi lazımi tələbləri araşdırmayıb. Xətai Rayon Məhkəməsi detallarını araşdırmadan həbs qətimkan tədbirini tələb edən vəsatət və təqdimata olduğu kimi istinad edib.
Hazırda Ülvi Həsənli və Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasına köçürülüb və orada saxlanırlar. Eyni zamanda, Məhəmməd Kekalov inkommunikado həbsdədir. Bu gün isə məlum olub ki, Məhəmməd Kekalov ailəsinin ona təyin etdiyi vəkillə görüşüb, görüş konfidensial olmayıb, müstəntiqin iştirakı ilə baş tutub. Məhəmməd görüşdə ailəsinin təyin etdiyi vəkildən imtina edib. Şübhələr var ki, bu imtina istintaqın təzyiqi nəticəsində olub. Elə həmin gün Xətai Rayon Məhkəməsinin qərarı ilə Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Kekalov da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham olunur.
Ülvi Həsənli və Sevinc Vaqifqızı Xətai Rayon Məhkəməsinə gətirildiyi vaxt polis əməkdaşları hadisələri işıqlandırmağa çalışan jurnalistlərə mane olub. Bu vaxt polis əməkdaşları tərəfindən media nümayəndələrinə hücum halları baş verib. Bunu qeyd etmək vacibdir ki, həbslər, cinayət işinin başlanılması və həbs qətimkan tədbiri iclasları qanunsuzluqla və insan hüquqlarının pozuntusu ilə müşayiət olunub.
Eyni zamanda həbslər ərəfəsində və cinayət işi boyunca, hökumət rəsmiləri, dövlət mediası və hökumətyönümlü media qurumları tərəfindən müstəqil media, tənqidçi vətəndaş cəmiyyəti təşkilatları və müxalifət əleyhinə materiallar dərc edərək onları Qərb ölkələrinin, ələlxüsus ABŞ-ın "casusları” və "təsir agentləri” olmaqda günahlandırıb.
Bu materiallarda heç bir əsas və fakt olmadan "qanunsuz xarici qrantların” gətirilməsi və mənimsənilməsi vasitəsilə maliyyə pozuntuları törətməkdə günahlandırıblar. Bununla yanaşı, feminist və LGBTIQ+ fəallar "ailə dəyərlərini məhv etməkdə” və Qərb dövlətlərinin "marioneti” və "ruporu” olmaqda günahlandırılaraq hədəfə alınıblar. Hazırda belə diffamativ materialların yayılması davam edir.
Həbslərə dair faktlar, o cümlədən ofisdə baxış keçirilərək xarici valyuta aşkar edilməsi hüququn aliliyinə və konstitusional prinsiplərə bağlılığa dair ciddi suallar doğurur. Ötən günlərdə edilən bu hərəkətlər müstəqil medianı hədəfə alan və Azərbaycanda ifadə azadlığının təməl prinsiplərini sarsıdan siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir.
Biz qətiyyətlə bildiririk ki, Azərbaycan hökuməti tərəfindən yürüdülən təqib kampaniyası mövcud konstitusion hüquqi çərçivə və Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri ilə bariz surətdə ziddiyyət təşkil edir".
Onlar beynəlxalq təşkilatlara da durumla bağlı çağırış ediblər:
"BMT-yə, Avropa Şurasına və ATƏT-ə üzv dövlət kimi Azərbaycan beynəlxalq insan hüquqları standartlarına riayət etməyə borcludur. Azərbaycan hökumət orqanlarının cari addımları Konstitusiya ilə təmin edilmiş və beynəlxalq hüquqi müqavilələrlə tanınmış və Azərbaycan tərəfindən ratifikasiya edilmiş insan hüquqları öhdəliklərinin kobud pozuntusudur. Biz bu xüsusata diqqət cəlb etməyi vacib hesab edirik ki, ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir.
Biz — Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq Azərbaycan hökumətinə çağırış edirik ki, insan hüquqlarına qoyulan siyasi motivli məhdudiyyətləri aradan qaldırsın, o cümlədən cinayət işlərinə xitam versin və Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, eləcə də Məhəmməd Kekalovun dərhal azad edilməsini təmin etsin.
Biz həmçinin beynəlxalq tərəfdaşlara, o cümlədən BMT, Avropa Şurası, ATƏT-ə və digər beynəlxalq publik təşkilatlara ölkədə pisləşən insan hüquqlarının vəziyyətinə dair qəti addımlar atılmasına dair müraciət edirik".
Sənədi aşağıdakı şəxslər imzalayıblar:
1. Adnan Hacızadə, ictimai fəal
2. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu, sədr
3. Altay Göyüşov, tarixçi alim
4. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, sədr
5. Araz Əliyev — Nida Vətəndaş Hərəkatı, İH üzvü
6. Arzu Qeybulla, müstəqil jurnalist
7. Aynur Elgünəş — MeydanTV, baş redaktor
8. Azər Qasımlı, Siyasi Menecment İnstitutu, sədr
9. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu, sədr
10. Elman Fəttah, siyasi şərhçi
11. Emin Abbasov, hüquqşünas
12. Emin Aslanov, hüquqşünas
13. Ələsgər Məmmədli, media hüququ üzrə ekspert
14. Gülnara Mehdiyeva, feminist fəal
15. Xalid Bağırov, hüquqşünas
16. Xədicə İsmayıl, ToplumTV, baş redaktor
17. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti, sədr
18. Jalə Bayramova, hüquqşünas
19. Leyla Həsənova, araşdırmaçı
20. Mehman Əliyev, Turan İnformasiya Agentliyi, direktor
21. Nəcmin Kamilsoy, araşdırmaçı
22. Nərmin Şahmarzadə, feminist fəal
23. Nicat Məmmədbəyli, hüquqşünas
24. Rəsul Cəfərov, hüquq müdafiəçisi
25. Rövşən Ağayev, iqtisadçı
26. Rövşən Hacıbəyli, Azadlıq.info, redaktor
27. Ruslan İzzətli, siyasi fəal
28. Rüfət Səfərov, Müdafiə Xətti, icraçı direktor
29. Samir Kazımlı, hüquq müdafiəçisi
30. Səməd Rəhimli, Müdafiəçi Hüquq Mərkəzi, rəhbər
31. Səyyad Yusifli, Müdafiəçi Hüquq Mərkəzi, koordinator
32. Şəmşad Ağa, Arqument.az xəbər saytı, baş redaktor
33. Yadigar Sadıqlı, tarixçi
34. Yalçın İmanov, hüquqşünas
35. Toğrul İsmayılov, ictimai fəal
36. Toğrul Vəliyev, iqtisadçı
37. Ülviyyə Əli, müstəqil jurnalist
38. Vəfa Nağı, ictimai fəal
39. Zöhrab İsmayıl, Azad İqtisadiyyat Yardım İctimai Birliyi, sədr
40. Əmrah Təhməzov — ictimai fəal
41. Elməddin Şamilzadə — AvasorTV, baş redaktor
42. Nemət Abbasov — ictimai fəal
42. Toğrul Abbasov — tədqiqatçı
43. Qiyas İbrahimov, ictimai fəal
44. Səbinə Rəhimova — ictimai fəal