Bəzi dərmanlar apteklərdən “yoxa çıxıb”

Bəzi dərmanlar apteklərdən “yoxa çıxıb”

27-07-2021 12:16 / Bu xəbər 2377 dəfə oxundu

"Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”

Tarif Şurasının dərman vasitələrinin qiymətlərilə bağlı son qərarından sonra paytaxt apteklərindən bir sıra dərmanların yoxa çıxdığı deyilir. 

Bu barədə aptek satıcıları məlumat veriblər. 

Onların sözlərinə görə, xüsusilə ürək, mədə, təzyiq və qan dövranı xəstəliklərinin müalicəsində istifadə edilən dərmanlar gətirilmir. 

Metronun "Əhmədli" stansiyasının yaxınlığındaki aptekin satıcısı Aygün Abbasova Meydan TV-yə bildirib ki, son günlər "Korvalol”, "Valerian” kimi dərmanlar apteklərə verilmir:

"Ucuz satılan "Valerian” gün ərzində cəmi 5 dənə verilir. Sonuncu dəfə belə hal koronavirusla bağlı gərgin vaxtlarda olmuşdu. Halbuki gün ərzində ən çox soruşulan dərmanlardan biridir. Eləcə də aptekə gələnlərin əksəriyyəti "Korvalol” istəyir.

O da məlum olub ki, "Diana 35”, "Nizoral” şampun, "Sistein Ultra”, "Tears” göz damcıları, "İndometasin” məlhəmi, "Kleksan 0.6” dərmanları da tapılmır.

Meydan TV əməkdaşı bir neçə aptekə baş çəkərək adıçəkilən dərmanlarla maraqlanıb və hamısından "yoxdur” cavabını alıb.

Aptek işçiləri deyiblər ki, gün ərzində demək olar ki, bir neçə dəfə bu dərmanlardan istəyənlər olur. Həmçinin yüksək qan təzyiqi üçün istifadə edilən "Bisotens”, mədə xəstəlikləri üçün təyin edilən "Qaviskon”, "De-Nol” da məhdud sayda verilir. Aptek satıcıları bildiriblər ki, həmin dərmanların əvəzediciləri var, amma 4-5 dəfə bahadır.

"Zeytun” Apteklər Şəbəkəsindən Meydan TV-yə bildiriblər ki, bəzi dərmanlar ola bilsin ölkəyə gətirilmir, lakin bunun səbəbini bilmirlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə deyiblər ki, onlar ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət edirlər. Dərmanlar və apteklər özəl sektora aid olduğundan müdaxilə edilə bilməz. Firmaların özləri hansı dərmanı gətirib-gətirməyəcəyinə qərar verir.

Dərman firmalarından birinin adını açıqlamaq istəməyən əməkdaşı isə deyib ki, ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir.