Binədə evini su basan şəxs intihara cəhd etdi, həbs olundu

Binədə evini su basan şəxs intihara cəhd etdi, həbs olundu

29-10-2024 00:46 / Bu xəbər 483 dəfə oxundu

Evinə yağış suyu dolan Binə sakini rəsmi qurumların biganəliyinə etiraz olaraq Xəzər rayonu, 3-cü polis bölməsinin qarşısında intihara cəhd etdiyi üçün həbs olunub. 

Bu haqda Meydan TV məlumat yayıb. 

Adı çəkilməyən şəxsə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Ötən həftə leysan yağışlar zamanı evini və yaxınlıqdakı elektrik transfarmatorunu su basan Binə sakini Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Qaz qəza xidmətiə zəng edib. Onun dediyinə görə, yalnız qaz qəza xidmətinin əməkdaşları operativ şəkildə əraziyə gəlib: "Su yatdığım yerə qədər gəlib çıxmışdı. Trasformatorun da suyun içində qalması bir tərəfdən qorxudurdu. O biri qurumların da biganəliyi lap əsəbiləşdirdi”.

Binə sakininin polis bölməsinin qarşısına gedərək özünü yandırmaq istədiyi deyilir. Polislərin müdaxiləsi nəticəsində bu mümkün olmayıb. 

Onun haqqında xuliqanlıq və polisin tələbinə tabe olmamaq ittihamlarıyla protokol tərtib edib.

Ötən həftə Binə qəsəbəsində evini su basan daha iki sakin yolu bağladığına görə həbs olunub. 

Onlar yola yığılmış suyun getməsindən ötrü kanalizasiya quyusunun qapağını açmışdılar və bu zaman nəqliyyatın hərəkəti dayanmışdı. 

Onların bu hərəkəti xuliqanlıq kimi qiymətləndirilmişdi.