Bir damla su və bir az ədalət
09-01-2022 15:16 / Bu xəbər 1203 dəfə oxundu
Ənnağı Hacıbəyli
Paris. Notrdam kilsəsi.
XII Lüdovikin kilsə başçısı qaraçı gözəli Esmiraldaya vurulur. Cismani eşqin qadağan olunduğu kilsədə bu, dəhşətli biabırçılıqla sonuclana biləcək fəlakətdi.
Keşiş ya cismani tələbatını ödəməli, ya da fəlakətin qarşısını almaq üçün onu dəli eləyən varlığı məhv eləməlidi. Birinci hiss yaşlı din xadimini Esmiraldaya son anadək, hətta eşafotda da yalvarmağa məcbur edir. Rədd cavabı alan keşiş əzablarına son qoymaq üçün məhəbbətini – günah gözəlini qurban verir. Amma bu, o qədər də asan deyil.
Günah gözəlini ilahi varlıq dərəcəsində müqəddəs sayan, onu ilahi məhəbbətlə sevən, ona təmənnasız tapınan və ona beləcə də xidmət eləməyə hər an hazır olan biri də var – Qvazimoda.
Eybəcər doğulduğuna görə valideynlərinin atıb getdiyi bədbəxt Qvazimoda. Keşişin mərhəməti sayəsində həyatda qalan, onun sayəsində yaxşı təhsil və güzəran əldə etmiş Qvazimoda – hamının ancaq eybəcərlik gördüyü, kimsənin ciddiyə almadığı, zahiri çirkinliyin bətnində gizlənən ilahi gözəlliyi heç kimin görə bilmədiyi adi bir kilsə zəngçisi.
Keşiş günahsız gözəli müdafiə edən xalq üsyanına məhəl qoymur. Törətdiyi cinayəti qaraçı gözəlinin boynuna qoymaqla ondan xilas olmağa çalışır. Lakin bu zaman o, yetirməsi, Esmiraldanın daha bir aşiqi Qvazimoda ilə üz-üzə gəlir. Eybəcər varlıq günahsız gözəli nəyin bahasına olursa-olsun qorumağa, "müqəddəs ata” isə günahkar bəndəsini güdaza verməyə çalışır. Qvazimoda kilsə başçısından soruşur ki, nəyə görə Esmiraldanı eşafota göndərib. Şəhvət, inanc, vicdani borc hissləri içərisində əsir-yesir qalmış yazıq din xadimi etiraf etməli olur ki, başqa çıxış yolu yox idi – Esmiralda onunla Tanrının arasına girmişdi…
Əsl dindar üçün bundan böyük imtahan ola bilməzdi. Dindar insanla, özəlliklə din xadimi ilə Tanrı arasına girmək həm dindar, həm də maneə üçün fəlakətdi. Bu çarpışmada kompromis yoxdur. Keşiş bir müddət gözqamaşdırıcı gözəlliyi özünə Tanrıdan da yaxın bilsə də, bu oyunun uğurlu sonluğunun olmadığını duyur.
Çarmıxa çəkilmiş İsanı və özünü qanı tökülənədək qırmanclasa da, Esmiraldanın xəyalı qarşısında duruş gətirə bilmir. İmtina cismani hisslərin alovunu söndürəndə reallıq hissi üstün gəlir və keşiş gerçəkliyə qayıdır. Ziyanın yarısından dönməyi də xeyir sayan "müqəddəs ata” yetmiş illik həyatını, düşüncələrini, inancını yerindən oynadan günah gözəlini inkvizisiyanın caynağına verir.
Orta əsrlər inkvizisiyasında təqsirin sübut olunması vacib deyildi, və ya nəyin bahasına olursa-olsun müttəhimin etirafına nail olurdular. Çünki inkvizisiyanı həqiqət deyil, günahkarın cəzalandırılması maraqlandırırdı.
"Paris Notrdam kilsəsi”ndə Hüqo çox həqiqətlərə üsyan edib. Yetərincə dindar olan yazıçı böyük romantik və humanist kimi fanatizmdən çox yüksəkdə dayanırdı.
Psevdomüsəlman yazıçılarından fərqli olaraq o, ibadət elədiyi dinin, onu yönətənlərin qüsurlarına göz yuma bilmirdi. Küfr ədəbiyyatının qarşısını almaq üçün çap maşınlarının qadağan edilməsi, başqalarına müqəddəslik barədə moizə oxuyub daldada günah işlər görülməsi, əleyhdarlarını sıradan çıxarmaq üçün hətta cinayətlər törədilməsi və başqa günahlar Hüqunun hüzurunda və qələmində bəraət qazana bilməzdi.
Qvazimoda dahi Hüqonun hətta Napoleondan da möhtəşəm qəhrəmanıdı. O, zahiri çirkinlikdəki gözəlliyin dünya ədəbiyyatında bənzərsiz simvoludu. Kitabı oxuyanda, özəlliklə filmdə Qvazimodanı görəndə insan bir an belə tərəddüd etmədən gözəlliyin hər yerdə olduğuna inanır. Hər yerdə, hətta zahiri çirkinliyin içində də, çoxlarına içi boş görünən insanların daxilində də ona rast gəlmək olar. Sadəcə onu görməyi bacarmaq gərəkdi. Hüqonun bizdən fərqi isə təkcə bu gözəlliyi görməsində deyil, həm də onu kimsənin ağlına gəlməyən yerdə görməsi və göstərə bilməsindədi.
…Esmiralda onu dar ağacından xilas edən Qvazimodadan soruşur ki, məni niyə görə xilas elədin. Qvazimoda cavabında deyir: sən dar ağacının altında dayanan insanların bir damla suya və bir az ədalətə möhtac olduğunu görmüsənmi?..
Bir damla su və bir az ədalət.
Hətta bu gün – iyirmi birinci yüzilin ortalarına doğru getdiyimiz bir zamanda da haqq-ədalət, insan haqları, azadlıq, ləyaqətli yaşayış uğrunda çarpışan insanları hakimiyyətlə özünün arasına girmiş küfrçülərə bənzədənlər var. Haçansa bu zehniyyətdən diksinib ayılmaq gərəkdi.
Bəlli əsər günahsız gözəlin xilası, günahkarın həlakı ilə bitir. Bu, Hüqonun xeyirin şər üzərində qələbəsinə inamının sonucudu. Amma əsərdən çıxan daha böyük ibrət hər kəsin içində bir gözəllik eşqinin, xeyirxahlığın olmasına inamdı. Eşq fəlakət törətməkdən çox ədalət törədir. Bu ədalət suya təşnə dodağa bir damla su kimidi.
Bir damla su və bir az mərhəmət…
02.03.2017