Bir millət, iki dövlət – Koreya

Bir millət, iki dövlət – Koreya

03-11-2023 20:08 / Bu xəbər 3596 dəfə oxundu

Çingiz Sultansoy  

Polisin, məhkəmənin, bütövlükdə hakimiyyətin hər hansı qanuna, insaniyyətə və əxlaqa zidd əməlindən sonra "Facebook"da müntəzəm "Nə edirlərsə yaxşı edirlər!”, "Bizə bu da azdı”, "Bu xalq belə rəftara, bu hakimiyyətə layiqdir” sözlərinə rast gəlirəm.  

Qəribə odur ki, bunu hakimiyyət tərəfdarı yox, müstəqil və müxalif düşüncəlilər yazır. Burada açar fikir xalqın hakimiyyətə layiq olmasıdır.  

Geniş yayılmış bu kəlam mövzusunda dəfələrlə yazmışam, çıxış etmişəm, amma yenə də demək lazımdır. 

Ona görə də üzümü "Xalq bu hakimiyyətə layiqdir" deyənlərə tutub deyirəm: Azərbaycanda az-çox siyasətlə maraqlananlara  Qüzey Koreyanı və onun dəyişməz Kim nəslindən olan liderlərini tanıtmaq lazım deyil,  elə Güney Koreyanı da, oradakı prezidentlər dəyişsə, soyadları fərqli olsa da...

Qüzey Koreada müxalifət yoxdur, baba-oğul-nəvə Kimlər yer üzündən çoxdan siliblər. Güney Koreyada müxalifət parlamentdə təmsil olunub, vaxtaşırı hakimiyyətə gəlir, yerlərini dəyişirlər.  

Şimali Koreya ağır böhran, xalqı da aclıq içindədir, adamlar narazılıq bildirməkdən qorxur, imkan düşən kimi Cənubi Koreyaya qaçırlar – bizimkilər Avropaya, Amerikaya qaçan kimi. 

Bəs demokratiya və bazar iqtisadiyyatı olan Cənubi Koreya necə yaşayır?  

"Samsung", "Daewoo", "Hyundai", "KIA", "LG" brendləri, ərzaq məhsulları, restoranları, bədii filmləri məşhuri-cahandır, yəni iş yerləri var.  

Koreyalılar səksən il əvvəl bir xalq, eyni bir millət idi, 1940-cı illərin ikinci yarısında, ABŞ və SSRİ-Çin onları iki yerə böldü. 

Güneydə - demokratia və bazar iqtisadiyyatı olan yerdə seçki, rəqabət, azadlıq, inkişaf, əmin-amanlıq, normal dolanışıq var. 

Qüzeydə - heç bir rəqabət və seçki yoxdu, amma dahi lider, repressia, polis rejimi, yaltaqlıq, yalan, monopolia, zorakılıq, saxtakarlıq və başqa bizə yaxşı tanış olan şeylər var. Əsas da aclıq, qıtlıq, təhsil və səhiyyənin geriləməsi.  

Hansı ağıllı deyib ki, hər bir xalq öz hökumətinə, hökmdarına layiqdir? Koreya xalqı hansı hökumətə layiqdir – güneydəkinə, yoxsa qüzeydəkinə?  

1945-1990-cı illərdə ikiyə bölünmüş alman xalqı hansı hökumətə layiq idi – şərqdəkinə ya qərbdəkinə? İndiki qərbdəkinin davamıdır… 

Bəs Azərbaycan xalqı hansı hökumətə layiqdir: Bakıdakına, ya Tehrandakına? 

İkisinə də eyni zamanda layiq ola bilməz axı...

Bu deyimin necə yarandığı, haradan gəldiyi haqda on-on iki il əvvəl yazmışam, "Arqument.az"  üçün yenə də, daha geniş yazacağam. Bu deyim bizə çox ehtimal Rusiyadan gəlib, son on beş-iyirmi ildə isə Azərbaycan hakimiyyəti uğurla dövriyyəyə buraxıb. Öz rüşvətxor, talançı, korrupsion idarəetməsinə bəraət qazandırmaq, ört-basdır etmək üçün. Təxminən "Müəllimlər/məmurlar rüşvət almır, valideynlər özü verir" kimi. 

Hünərin var vermə, gör uşağıvı necə gözüm-çıxdıya salarlar? "Bunlar yeyib doyublar, təzələri gəlsə təzədən başlayacaq yeməyə" – doyana oxşayırlar, ya iştahları artıb?  

"Rüşvət Azərbaycan xalqının qanındadır", sanki Tofiq Qasımov, Vurgun Əyyub, Həsən Kərimli, Hikmət Hacızadə, Ənnağı Hacıbəyli, Gülağa Aslanlı və minlərlə başqaları kimi hərəkatçı-cəbhəçi-müsavatçı insanlar vəzifədə olmayıb, rüşvətsiz işləməyiblər.  

Belə deyimlərin hamısı siyasi ideologemdir, tənqid və haqlı ittihamlar  qarşısında susmamaq, nəsə demək, həqiqəti pərdələmək üçün. Qara məni basınca…  

Yəni bu sözlər yalan olsa da, hakimiyyətin ömrünü uzatmağa yönəli ideoloji silahıdır. Bu, aydındır. 

Bəs müstəqil və müxalif, demokratik düşüncəli insanlar niyə "Bu xalq bu hakimiyyətə layiqdir" yalanını təkrar edib yayır?