Bir qrup britaniyalı deputat Qubad İbadoğlu ilə bağlı çağırış etdi

Bir qrup britaniyalı deputat Qubad İbadoğlu ilə bağlı çağırış etdi

16-08-2024 18:20 / Bu xəbər 684 dəfə oxundu

Deputatlar Britaniya hökumətini Azərbaycana diplomatik təzyiq göstərməyə çağırıblar

Böyük Britaniyanın bir qrup deputatı Azərbaycan hökumətini, korrupsiyanı, ölkənin ekoloji siyasətini tənqid edən məqalələr yazdığı üçün saxlanılan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimini azad etməyə çağırıb.

Həmin müraciətdə bildirilir ki, Böyük Britaniyada yaşayan doktor Qubad İbadoğlu 2023-cü ilin iyul ayında ailə üzvlərini ziyarət edərkən Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib: "Onun saxlanılması beynəlxalq narahatlıq doğurub. Biz onun həbsdə saxlanıldığı müddətdə sağlamlığı və rifahı ilə bağlı narahatlıqlara istinad edərək, dərhal azad edilməsi haqqında çağırışlara qoşuluruq”.

Leyboristlər Partiyasından Hilari Benn də daxil olmaqla, deputatlar Böyük Britaniya hökumətini ədalətli və şəffaf prosesi təmin etmək üçün Azərbaycana diplomatik təzyiq göstərməyə çağırıblar. İbadoğlunun ailəsi və tərəfdarları da onun həbsinin Azərbaycanda fərqli düşüncəyə qarşı genişmiqyaslı repressiyanın tərkib hissəsi olduğunu bildirərək, onun azad edilməsi haqqında xahişlə müraciət ediblər.

Qubad İbadoğlunun həbsinin siyasi motivli olmadığını, konkret qanun pozuntuları ilə bağlı olduğunu bəyan edən Azərbaycan hökuməti hələlik artan beynəlxalq təzyiqlərə münasibət bildirməyib.

İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Ötən il, avqustun 25-də Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, bu il, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri "polis nəzarətinə vermə” ilə əvəz olunub.(Meydan TV)