Bir qrup məddah

Bir qrup məddah

29-12-2021 08:57 / Bu xəbər 1291 dəfə oxundu

Ələsgər Məmmədli

2013-cü ilin dekabrında Milli Məclisdə qeyri-hökumtə təşkilatlarının, fondların və qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən, eyni zamanda qrant və ianələrin alınmasının  faktiki qarşısını alan müddəalar qanunvericiliyə əlavə ediləndə çox az bir çevrə bunun faktiki vətəndaş cəmiyyətini bitirəcəyini, ölkədə ictimai funksiyası olan, ictimai nəzarətdə yer alan birliklərin sonu olacağını dedikdə, parlamentdə olan bu qanunun lobbiçiləri və onların VC-də olan "dəstəkçiləri" bəh-bəhlə bunun VC-nin inkişafına gətirəcəyini deyirdilər. 

Vətəndaş Cəmiyyətini bitirən həmin həmlənin vurulduğundan 8 ildən çox zaman keçdi. Təəssüf ki, ölkədə vətəndaş cəmiyyəti deyilən bir şey qalmadı. Çox cüzi VC-i fəalları yox olmamanın mübarizəsini aparır. 

Bu zərbəni almadan öncəki son il olan 2013-cü ildə vətəndaş cəmiyyətinin öz fəaliyyətinə cəlb etdiyi vəsait yerli və beynəlxalq mənbələrdən 89 milyon dollar olmuşdu. Yəni, bu günün valyuta kursu ilə 150 milyon manatdan çox. 2013-cü ildən sonra bu vəsaitlərin cəlb olmasının yolu bağlandığı kimi, Ədliyyə Nazirliyi də qeydiyyat və statistika aparmayara, yaymayaraq, "fəaliyyət, qrant yoxsa problemdə yoxdur" - məntiqi ilə hərəkət etməyə davam etdi. Nəticədə ən zəruri zamanlarda belə heç bir dişli qurum ortaya çıxarıla bilmədilər. 

İndi demək olar ki, 2013-cü ildə vətəndaş cəmiyyətini hədəf alan həmin həmlə medianı hədəfə alıb. Yenə bir dekabr günündə medianın fəaliyyətini faktiki olaraq dövlətin təhlükəsizlik qurumları fəaliyyəti ilə eyni görən və jurnalistləri də DTX əməkdaşları üçün nəzərdə tutulan kriteriyalara uyğun müəyyən edən bir layihə ən geci 36 saat sonra qanunlaşacaq.  

Medianın sərbəst biznes fəaliyyəti olması, jurnalistikanın azad, sərbəst məslək olması, dövlətin bu özəl sektora bu qədər müdaxilə edərək düzənləməsinin ifadə azadlığına, media azadlığına, beynəlxalq konvensiyalara, konstitusiyaya zidd olması tələbləri qulağardına vurulur, hətta bir qrup məddah yenə eyni ilə 2013-də "bəh-bəh" deyən qrup kimi bu həmlənin guya bu gün yaltaqlıq və nifrəti ekranından əksik etmədiyi üçün izlənməyən və heç vaxt da dəyişməsələr izlənməyəcək olanların reytinginin yüksələcəyini, Azərbaycan mediasının inkişaf edəcəyini deyir, buna etiraz edən jurnalistləri, vizyonu olan insanları "güruh" adlandırır. 

Yanlız bu iddia sahibləri dərk etmirlər ki, informasiya-məlumat-bilgi qəfəsə salınamaz. O yenə bir yolunu tapıb, eyni ilə hava-su kimi zəruri tələb sahiblərinə çatacaq. Cəmiyyətə zorla "faydasız", "şit" informasiyaları yedirtmək  mümkün deyil. Hələ zamanımızda, internet əsrində bunun mümkünsüzlüyünü dərk etməmək daha böyük cahillikdir. 

44 günlük müharibənin ilk günündə interneti bloklayan zehniyyət sonra yenə iftixarla "bütün cəmiyyət, bütün dünya Azərbaycan gerçəklərini Prezidentin "Twetter" səhifəsindən öyrəndi"-deyəcək qədər pişirik çıxdı. 

Oturub analiz etmədilər ki, biz blokladığımız internetdən necə oldu ki, hər kəs gerçəkləri ala bildi,öyrənə bildi və hətta Prezidentin izləyiciləri dəfələrlə artdı?

Bəli, yeni Media qanunu nə qədər istəsə də, həqiqi informasiya ovçularının istəyini buxovlaya bilməyəcək. Yenə insanlar həqiqi informasiyaları, gerçəkləri öz seçimləri olan mənbələrdən alacaqlar. Blok qoysalar belə, cəza versələr belə... 

Sadəcə, arada yanlış gedilən yol, dünyanın gözündə mənfi obraza oturma  və itirilən illər olacaq! 

Yenə də düşünün, bu lazımdırmı?