Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi COP29 iştirakçılarına müraciət edib
11-11-2024 16:47 / Bu xəbər 168 dəfə oxundu
Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi ölkədəki insan hüquqlarının vəziyyətinə dair COP29 iştirakçılarına açıq müraciət yayıb.
Bu gün, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
Vətəndaş cəmiyyəti nümayəndələri ölkədəki siyasi vəziyyətə diqqət çəkiblər: "Tədbirə gələcək dövlət və hökumət başçılarına, nümayəndə heyəti üzvlərinə və qonaqların nəzərinə çatdırmaq istəyirik ki, 2023-cü il noyabrın 20-dən Azərbaycanda ictimai-siyasi fəallara, müstəqil mediaya, vətəndaş cəmiyyəti nümayəndələri və təsisatlarına qarşı geniş həbslər dalğası aparılıb. Bu dönəm ərzində ölkədə insan hüquqlarının və medianın vəziyyəti pisləşmiş, 40-dan çox şəxs siyasi motivlərlə həbsə göndərilmişdir. Bunlardan savayı, 2019-cu ilin yanvarından konstitusiyaya ilə müəyyən edilmiş sərbəst toplaşmaq azadlığı de-fakto ortadan qaldırılıb, 2020-ci ilin martından isə ölkənin quru sərhədlərindən giriş-çıxışlar məhdudlaşdırılıb. 2023-cü ilin iyunundan ölkənin qərbində, Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl mədəninin tullantıları üçün su anbarının tikintisinə qarşı keçirilən etiraz aksiyası polislər tərəfindən güc tətbiq edilməklə dağıdılmış, bir nəfər həbs edilmiş, kəndə gələn jurnalistlər zorakılıqla kənddən çıxarılıb. Söyüdlü kəndi bir ildən çoxdur ki, blokadada saxlanılır".
Onlar ölkədə insan hüquqlarının pozulduğunu və siyasi həbslərin də artdığını bəyan ediblər: "COP29 tədbirinin Azərbaycanda keçiriləcəyi məlum olduqdan sonra ölkədəki mövcud avtoritar rejim müxalif fikirli insanları və alternativ səsləri susdurmağa başlayıb. Qısa müddət ərzində aparıcı müxalifət liderləri, insan haqları müdafiəçiləri, ictimai-siyasi fəallar və müstəqil media quruluşları, o cümlədən "AbzasMedia” nəşri, "Toplum TV,” "Kanal13” və vətəndaş cəmiyyəti təsisatı olan Demokratik Təsisatlar İnstitutu (IDI) rəhbər və əməkdaşları siyasi motivlərlə həbsə göndərilib. Həbs edilənlərin məhkəmə istintaqı noyabr ayına, COP29 ərəfəsinə təsadüf etdiyindən, dekabra qədər təxirə salınıb".
"Yerli hüquq-müdafiə təşkilatlarının hesabatına əsasən hazırda ölkədə 319 siyasi məhbus var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə siyasi məhbusların sayı 100-dən çox artıb. Bu ilin oktyabr ayında Avropa Parlamenti COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı güclənən repressiyaları pisləyən qətnamə qəbul edib. COP29 tədbirinin iqlim dəyişikliyi ilə yanaşı həm də insan hüquqlarını əhatə edən tədbir olduğunu nəzərə alaraq, tədbirə təşrif buyuracaq nümayəndə heyəti üzvləri və qonaqlardan ölkədəki insan hüquqlarının mövcud vəziyyətinə toxunmalarını, həmçinin siyasi məhbusların ailələrinə baş çəkmələrini tələb edirik", - deyə bəyanat müəllifləri qeyd ediblər.
Noyabrın 11-də Bakıda BTM-nin İqlim Konfransı başlayıb.
Tədbirin noyabrın 22-dək davam edəcəyi bildirilir.