Blinkenin COP29-a gəlməyəcəyi bildirilir

Blinkenin COP29-a gəlməyəcəyi bildirilir

01-11-2024 17:38 / Bu xəbər 443 dəfə oxundu

ABŞ-ni Podesta təmsil edəcək, tədbirdə 100-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir

ABŞ dövlət katibi Entoni Blinkenin Bakıda keçiriləcək COP29 sammitində iştirak etməyəcəyi bildirilir.

Sammitdə ABŞ nümayəndə heyətinə Prezident Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.

Oktyabrın 31-də Dövlət Departamenti bildirib ki, ABŞ Administrasiyasının 20 departament və təşkilatından olan yüksək vəzifəli rəsmiləri noyabrın 11-22-də Bakıya səfər edəcək.

Con Podesta ilə yanaşı, ABŞ nümayəndə heyətinə kənd təsərrüfatı naziri Tomas Vilsack, energetika naziri Cennifer M. Qranholm, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim Müşaviri Əli Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallory, energetika nazirinin müavini David Türk, daxili işlər nazirinin müavini Laura Daniel-Davies, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini Ceyn Nişida, Ticarət katibinin müavini Rik Spinrad, Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini Bonnie Jenkins iştirak edəcəklər.

Dövlət Departamenti bildirib ki, ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, səhiyyə, ticarət və investisiya, gənclər məsələləri üzrə digər hökumət rəsmiləri də daxildir.

Builki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID rəhbəri Samanta Pauer daxil deyillər.

"Turan” yazır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Dövlət Departamentini konqresmenlər adından Azərbaycan hakimiyyətinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tələb edən məktub yazmaqda ittiham etməsi ilə bağlı ola bilər.

COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakı gözlənilir.

Bu barədə oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.

Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini deyib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.