BMT-nin məruzəçisi: "Anar Məmmədli dərhal azadlığa buraxılmalıdır"
04-11-2024 17:06 / Bu xəbər 429 dəfə oxundu
BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forstın (Michel Forst) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırdığı bildirilir.
Bu barədə noyabrın 4-də "Turan" Mişel Forstın bəyanatına istinadən məlumat yayıb.
Mişel Forst iki həftə əvvəl hesabatında iki həftədən az müddətdə Bakıda başlayacaq COP29-dan əvvəl hüquq müdafiəçisi Anar Məmmədliyə münasibətin pisləşməsindən və vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi şəkildə narahatlığını ifadə edib: "Mən Azərbaycan hökumətini cənab Məmmədlinin məhkəməyə qədərki prosesdən dərhal azad edilməsini təmin etməyə çağırıram".
BMT-nin xüsusi məruzəçisi öz bəyanatında həmçinin Azərbaycan hökumətini Anar Məmmədliyə qarşı bütün ittihamları dərhal ləğv etməyə çağırıb: "Ona qanunsuz həbsi nəticəsində dəymiş bütün maddi və qeyri-maddi zərər tam ödənilməli, təcili olaraq səhhətinə görə lazımi tibbi yardım almaq imkanı təmin edilməlidir. Bu hadisələrlə əlaqədar olaraq bu il oktyabrın 24-də mən Azərbaycan hökumətinə yazaraq, cənab Məmmədliyə həbsxanada baş çəkməyi xahiş etdim. Hökumət bu günə qədər mənim müraciətimə cavab verməyib. Mən yenidən Azərbaycan hökumətindən xahişimi təcili olaraq təkrar edirəm. Cənab Məmmədlini həbsxanada təkbaşına ziyarət etmək imkanı yaradılsın. Azərbaycanın mənimlə əməkdaşlıq etmək istəyinə ümid edirəm", - deyə Mişel Forst bildirib.
Mişel Forst yekun olaraq Azərbaycanı Orhus Konvensiyasının (Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası "Orxus Konvensiyası" kimi tanınır. ) 3 (8) maddəsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Azərbaycan rəsmiləri hələlik Mişel Forstın müraciəti ilə bağlı rəsmi açıqlama yaymayıb.
Son iki həftədə səhhətində problem yaranan Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb.
Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.
Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir.
O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub.
O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Son 7 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.