Britaniya səfiri COP29-u regionda sülh üçün müsbət siqnal sayır
13-06-2024 11:48 / Bu xəbər 845 dəfə oxundu
Böyük Britaniya COP29-un uğurla keçirilməsində Azərbaycana kömək etməyə hazır olduğunu deyib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Old Bakıda Kral III Çarlzın doğum günü münasibətilə keçirilən tədbirdə qeyd edib.
O deyib ki, Britaniya Kralının prioritetlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizədir.
Səfirin sözlərinə görə, 5 aydan sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək: "Növbəti 6 ay çox maraqlı olacaq. Yarım il əvvəl Bakının COP29-a ev sahibliyi etməsi barədə razılaşma iqlim dəyişikliyi ilə mübarizə və regionda sülhün əldə edilməsi sahəsində müsbət siqnal oldu. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülhə nail olmaq istiqamətində irəliləyə biləcəklər”.
Səfir həmçinin COP29-da vətəndaş cəmiyyəti və medianın da sərbəst fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb: "Biz Azərbaycana COP29-u böyük nəaliyyətə çevirmək üçün əlimizdən gələni edəcəyik. Ona ev sahibliyi etmək həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Lakin hökumətlər hekayənin yalnız bir hissəsidir; özəl bizneslərə yeniliklər etmək və universitetlərə öz biliklərindən istifadə etmək imkanı verməklə, vətəndaş cəmiyyətinin sərbəst işləməsinə, media və sənətkarların faktlar və hekayələr üzərində çalışmasına şərait yaratmaqla. Hər bir kişi, qadın və uşağı cəlb etməklə, biz bəşəriyyətin ən böyük problemini birlikdə həll edəcəyik".
Səfir sonda nitqini Kral Çarlzın COP28-dəki son sözləri ilə yekunlaşdırıb: "Yadda saxlamalıyıq ki, doğuşdan formalaşan dünyagörüşü bizə hamımızın bir-birimizə bağlı olduğumuzu öyrədir. Təkcə insan kimi deyil, bütün canlılarla və həyatı təmin edən hər şeylə. Bu möhtəşəm və müqəddəs sistemin bir hissəsi kimi Təbiətlə harmoniya qorunmalıdır. Yer bizə aid deyil, biz Yerə aidik”.