Britanıyanın xarici işlər nazirinə Qubad İbadoğlu ilə bağlı çağırış edilib

Britanıyanın xarici işlər nazirinə Qubad İbadoğlu ilə bağlı çağırış edilib

06-05-2024 19:04 / Bu xəbər 844 dəfə oxundu

İqtisadçının ayağına elektron qandal taxılıb

İqtisadçı, hazırda ev dustaqlığında olan Qubad İbadoğlunun ayağına hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qandal bağlanıb.

Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib. Bildirilir ki, mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək bu addımı atıblar.

"Vəkillərin dediyinə görə, hətta məhkəmə qərarında nəzərdə tutulsa belə, elektron qandal nadir hallarda taxılır. Belə görünür ki, qardaşıma "xüsusi” münasibət var, təcridxanada sıradan çıxan ayaq barmağını qandalla "müalicə edirlər””, – deyə Qalib Toğrul bildirib.

Böyük Britaniyanın 50-dən çox beynəlxalq təşkilatının və aparıcı universitetinin professorları isə Britaniya hökümətindən doktor Qubad İbadoğlunun işi üzrə səylərini artırmağa çağırıblar.

"Turan” yazır ki, dünyada, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən 50-dək beynəlxalq təşkilat, Oxford, Kembric, Exeter, Sussex, Nottingham, Lancaster, Nyu Castle, Dublin universitetlərinin professorları hazırda ev məhbusluğunda olan azərbaycanlı anti-korrupsiya fəalı və London İqtisadiyyat Məktəbinin baş elmi işçisi, doktor Qubad İbadoğlu ilə əlaqədar Böyük Britaniya hökumətinin təcili tədbirlər görməsini tələb etmək üçün xarici işlər naziri Devid Kemerona məktub göndəriblər. Məktubda qeyd olunur ki, 22 aprel 2024-cü ildə ev dustaqlığına buraxılan doktor Qubad İbadoğlunun səhhəti həbsindən bəri ciddi şəkildə pisləşib və çox güman ki, əməliyyata ehtiyacı olacaq, amma o, hələ də ölkədən çıxış qadağası altındadır.

"Hazırda Qubad İbadoğluna qarşı ittihamlar qüvvəsindədir. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biri kimi  sabitliyi, insan hüquqlarına hörməti və hesabatlılığı təşviq etmək üçün unikal mövqedədir. Lakin Böyük Britaniya doktor İbadoğlunun işi ilə bağlı hələ də problemin həlli üçün ciddi addımlar atmır.

Odur ki, birincisi, xarici işlər naziri olaraq sizi doktor İbadoğlunun ailəsi ilə tez bir zamanda görüşməyə, onun işini daha ətraflı müzakirə etmək, onun dərhal azad edilməsini, müstəqil tibbi müalicəyə çıxışının olmasını təmin etmək üçün Böyük Britaniyanın ən yaxşı şəkildə necə dəstək göstərə biləcəyini qiymətləndirməyə 
çağırırıq”, – məktubda deyilir.

Məktub müəllifləri daha sonra yazır: "Biz sizi Azərbaycan hökumətinin ən yüksək səviyyədə məsul şəxslərinin cavabdehliyini artırmaq üçün bütün müvafiq tədbirləri nəzərdən keçirməyə çağırırıq. Nəhayət, Bakıda keçiriləcək "COP29”-u birbaşa əlaqə qurmaq üçün strateji imkan kimi qiymətləndirməyə, Böyük Britaniya və onun müttəfiqlərini insan hüquqları məsələsində, korrupsiya ilə mübarizədə və siyasi müxalifətlə rəftarda səylərini artırmağa çağırırıq”.

Nərimanov Rayon Məhkəməsi ötən il 23 iyulda Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə 3 ay 26 gün müddətinə həbs edib.

ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri də daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunu azad etməyə çağırıb. 

O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.(Meydan TV)